İstehlakçılara 214 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

2020-ci ilin may ayından ölkədə pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizm uğurla tətbiq edilir, layihə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm nəticələr verir.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu günədək alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin 1-ci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 536.252.529 kassa çeki üzrə 213,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-mart ayları ərzində isə 107.998.512 çek üzrə 42 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Qeyd edək ki, 2021-ci ilin 1-ci rübü ərzində istehlakçılara 67.101.388 kassa çeki üzrə 26,7 milyon manatdan çox ƏDV məbləği qaytarılıb.

Qeyd edilib ki, ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır.

“Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür. Hazırda ölkə üzrə tətbiq edilən onayn kassaların sayı 58.095-dir.

İstehlakçı alınan malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir”,- deyə əlavə edilib.

Oxşar xəbərlər