“Kağızla bağlı vergi güzəştləri tətbiq oluna bilər”

Son günlər Azərbaycanda kağızın qiymətində kəskin bahalaşma müşahidə olunur. Qeyd edək ki, əvvəllər 5-6 manata satılan A4 kağızlarının qiyməti hazırda 9-10 manat arasında dəyişir. Bu da təxminən 2 dəfəyə qədər bahalaşmadan xəbər verir. Bəs, bu bahalaşma Azərbaycanda kitab və qəzet nəşrinə necə təsir edəcək? Suallımızı Milli Məclisin deputatı Vahid Əhmədov cavablandırdı.

SOSİUM.az xəbər verir ki, deputat Demokrat.az-a açıqlamasında vurğulayıb ki, bu məsələ çox ciddi məsələdir:

“Bilirsiniz ki, Azərbaycana kağız əsasən Rusiyadan idxal olunurdu. Lakin Rusiya və Ukrayna arasındakı mövcud durum kağızın qiymətinin bahalaşmasına səbəb olub. Bu, əslində ölkəmiz üçün də ciddi məsələdir. Düzdür, indi dövlət tərəfindən müəyyən addımlar atılır. Çünki ölkəmizdə kağızın istifadəsindən həm kitab nəşrində, həm də digər məsələlərdə kifayət qədər geniş istifadə olunur”.

Millət vəkili qeyd edib ki, bu sahədə hansısa vergi güzəştləri tətbiq oluna bilər: “Əgər vəziyyət uzunmüddət belə davam edərsə, biz özümüzə digər istehsalçı tapmalıyıq. Çünki idxal məhsullarımız həm Ukraynadan, həm də Rusiyadan gəlirdi. Oradakı vəziyyətlə bağlı bizdə də müəyyən problemlər yaşanacağı gözlənilir. Çünki Rusiyaya çox ciddi sanksiyalar tətbiq olunub. Ona görə də, alternativ variantlar axtarıb tapmağa böyük ehtiyac var. Hökumət də bunun üzərində ciddi işləyir”.

Oxşar xəbərlər