“30 ildə istehkamlar qurub və orada…”

ANAMA tərəfindən insanların işğaldan azad olunmuş ərazilərə icazəsiz girişlərinin qarşısını almaq üçün mütəmadi maarifləndirici tədbirlər aparılır. Eyni zamanda işğaldan azad edilən ərazilərimizə gedən yolların girişində müxtəlif xəbərdaredici lövhələr yerləşdirilib.

SOSİUM.az xəbər verir ki, bu sözləri ANAMA-nın Əməliyyat İdarəsinin sistemlərin tədbiqi və metodologiya şöbəsinin müdiri Adil Aslanov oxu.az-a açıqlamasında deyib.

O bildirib ki, bütün bunlara baxmayaraq, hələ də vətəndaşların işğaldan azad edilən rayonlara getməyə cəhd etməsi təəssüf doğurur:

“Məlumat lövhələrində ərazidə minaların olduğu, təhlükəli olduğu açıq-aydın qeyd olunub. Həmçinin polis nəzarət keçid məntəqələrində məlumatlandırıcı broşurlar paylayırıq. İcazəsi olan insanların həmin əraziyə keçidi zamanı onlar da məlumatlandırılır. Bilirsiz ki, ərazidə kommunikasiya xətlərinin tikintisi üçün müxtəlif təşkilatlar tərəfindən müvafiq işlər aparılır. Bu işçilər arasında da əməkdaşlarımız tərəfindən maarifləndirmə işləri aparılır. Ümumiyyətlə, insanların həmin ərazilərə daxil olmasını tövsiyə etmirik, daxil olanlara isə maksimum diqqətli olmalarını bildiririk. Çünki hazırda bu ərazilərdə düşmən tərəfindən basdırılmış gözə görünməyən düşmənlər qalmaqdadır”.

A.Aslanov qeyd edir ki, minatəmizləmə əməliyyatları çətin olduğu qədər, həm də risklidir:

“Bilirik ki, ermənilər 30 il ərzində bu ərazilərdə müdafiə istehkamları qurublar. Bu istehkamların qorunması məqsədilə də ərazilərdə kifayət qədər mina və digər partlamamış hərbi sursatlar basdırıblar. Bütün bunlar həmin ərazilərə keçidi çətinləşdirmək üçün atılan addımdır. Biz ermənilərin əraziləri heç bir standartlara uyğun olmayan şəkildə minaladıqlarının şahidi oluruq. Bəzi hallarda 1 kvadrat metr ərazidə 5-6 minanın basdırıldığına rast gəlirik. Bununla yanaşı “sürpriz” minalar da var. Müxtəlif formaya salınmış partlayıcılara da rast gəlmişik. Həmin ərazilərə keçid olarsa, diqqətsiz bir davranışla həmin “sürpriz” minaların partlama riski çox böyükdür.

Hazırda ANAMA-nın bütün əməliyyat heyəti kommunikasiya xətlərinin çəkilməsi proseslərinə cəlb olunub. Dövlət proqramına uyğun olaraq həyata keçirilən elektrik xətləri, yollar, su kanallarının və s. tikilməsi üzrə əməliyyatlar bir neçə istiqamətdə həyata keçirir. Əməliyyatlar minatəmizləmə vasitələri, minaaxtaran cihazlar, detektorlar və s. digər cihazlarla kompleks şəkildə həyata keçirilir. İşlər kifayət qədər intensiv aparılır”.

“İşğaldan azad olunan ərazilərə keçən və xəsarət alan şəxslər bu əməllərindən peşman olduqlarını deyirlər. Biz həmin insanlarla söhbət edirik. Onlar öz yaxınlarının məzarlarını ziyarət etməyə getdiklərini deyirlər. Lakin, bu diqqətsizlik səbəbindən hansısa orqanlarını itirdikləri üçün həyatlarının məhv olduqlarını da etiraf edirlər. Həmin insanlar özləri digər vətəndaşlara səslənərək işğaldan azad edilən ərazilərə icazəsiz keçməməyə çağırır” -, deyə Adil Aslanov sonda qeyd edib.

Oxşar xəbərlər