Parlamentdə bağlı sərhədlər narazılığı: “Açın ki…”

Deputat: “O qədər vəzifəli şəxslər var ki, xalqın verdiyi vergidən formalaşan büdcə ilə özünə biznes imperiyası yaradıb”

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. Gündəliyinə altı məsələnin daxil edildiyi iclasda deputatlar əvvəlcə cari məsələlərlə bağlı fikirlərini səsləndiriblər. Milli Məclisin Sədri Sahibə Qafarova xatırladıb ki, aprelin 8-də Şuşada parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası olub.

Spiker: “Milli Məclisin komitələrinin Şuşada keçiriləcək iclaslarının qrafiki artıq tərtib olunub” 

“Apreldən başlayaraq hər ay Milli Məclisin komitə iclaslarından biri Şuşa şəhərində keçiriləcək. İlk belə tədbir artıq gerçəkləşib. Azərbaycanın parlamentarizm tarixində həmişəlik qalacaq bu hadisə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş şanlı Zəfərin yaratdığı yeni reallığın təzahürlərindən biri olub”, – deyə spiker vurğulayıb.

“Bunu da bildirmək istərdim ki, Milli Məclisin komitə iclaslarının Şuşa şəhərində keçirilməsi möhtərəm cənab Prezidentin Sərəncamı ilə elan edilmiş “Şuşa ili”nə töhfə vermək niyyəti ilə bağlı olub “Qarabağ Azərbaycandır!” həqiqətini bir daha təsdiq edir. Bir məqamı da qeyd edim ki, Milli Məclisin komitələrinin Şuşada keçiriləcək iclaslarının qrafiki artıq tərtib olunub və komitə sədrlərinə təqdim ediləcək”, – deyə Qafarova əlavə edib.

“Onlar bizim insanımızdır, niyə qayğı göstərmirik?” 

Deputat Sabir Rüstəmxanlı xarici ölkələrdə yaşayan azərbaycanlıların sənəd məsələsində problemlərinin olduğunu söyləyib. Deputat qeyd edib ki, sərhədlərdə Azərbaycana qayıtmaq istəyən insanlar çətinliklə qarşılaşırlar: “Onlar bizim insanımızdır, niyə qayğı göstərmirik? Başqa ölkələr müharibədə, xaricdə qalan bir vətəndaşı üçün belə adam göndərir. Xaricdə yaşayan soydaşlarımızın problemlərinə diqqət göstərməliyik”.

Rüstəmxanlı xarici ölkələrdə yaşayan azərbaycanlıların ölkəmizdə təhsil almasına şərait yaradılmasını təklif edib: “Mən təklif edirəm ki, Azərbaycanda Dünya Azərbaycanlıları və Güney Azərbaycanlılar universiteti yaradılsın”.

“Həmin ana mənə ümid bağlamışdı, fikirləşmişdi ki, bəlkə deputatın sözünü eşidərlər”

Deputat Razi Nurullayev isə hələ də bağlı qalan quru sərhədləri məsələsini gündəmə gətirib və bildirib ki, srhədlərin açılması son dərəcə vacibdir: “Nazirlər Kabineti yanında Operativ Qərargahın şərtlərinə görə, “Azərbaycan Hava Yolları” (AZAL) ilə səyahət edənlər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Vaxt var idi ki, bütün dünya bunu tətbiq etmişdi. İndi isə bu tələb aradan qaldırılmalıdır. Əsəb, gərginlik, stres, öz vətəninə qayıda bilməmə qorxusu, xərcə düşmə riski və s”.

“İki dəfə ürəkağrıdıcı hadisəyə şahidlik etdim. Bir dəfə İstanbulda, bir dəfə də İtaliyadan uçanda. Gözüyaşlı ana və körpə uşağ da qucağında… Ana doğulduğu ölkəsinə, evinə-eşiyinə, balalarının yanına qayıtmaq istəyirdi. PCR testin yoxdur, istəyirsən yıxıl öl, icazə verməyəcəklər. Mən bu yanaşmanın tam əleyhinəyəm və bunu ədalətsiz qərar sayıram. İstanbuldan Bakıya, hava limanında xeyli insana zəng etdim, o qadına kömək edə bilmədim. Həmin ana mənə ümid bağlamışdı, fikirləşmişdi ki, bəlkə deputatın sözünü eşidərlər. Olsun, etirazım yoxdur, qanun qanundur. Amma gerçəklik tələb edir ki, bu qərar dəyişsin”, – deyə millət vəkili qeyd edib.

“Bir kağız parçasını bu qədər qiymətə, qanuna, ciddiliyə mindirib, vətəndaşları incitmək yolverilməzdir”

R.Nurullayev deyib ki, bir kağız parçasını bu qədər qiymətə, qanuna, ciddiliyə mindirib, vətəndaşları incitmək yolverilməzdir: “Hər kəs üç dəfə peyvənd olunub, pasportu var, qızdırması, asqırması və öskürməsi də yoxdur. O zaman nəyə lazımdır ki?Biri gecikir, PCR ala bilmir, biri ucuz yer gəzir, o biri təcili uçur və s. Dəyərmi buna? O qədər qanunlarımız, o qədər ənənələrimiz, o qədər öhdəliklərimiz var ki, bir qəpik qiymət qoyulmur. O qədər vəzifəli şəxslər var ki, vətəndaşları incidə-incidə, dövlət büdcəsini talayıb, manatı qiymətdən salıb, bank sistemini yerlə-yeksan edib, xalqın verdiyi vergidən formalaşan büdcə ilə özünə biznes imperiyası yaradıb, hələ də davam edir. Onlara qarşı sərt olaq. Hesab edirəm ki, PCR test tələbi ləğv edilsin, antigen və ya birdəfəlik test üsulu lazımdırsa tətbiq edilsin, quru sərhədləri açılsın və gözü yollarda qalan hotellər də işlək vəziyyətə gəlib 5-10 nəfər kasıba çörək qazandırsın. Bu mənim dəyişməz mövqeyimdir. Eyni zamanda, düşünürəm ki, pandemiya dövründə vətəndaşlara tətbiq olunan cərimələrin ləğv edilməlidir. Bizdən də kasıb olan ölkələr, qonşu Gürcüstan da belə bir addım atıb. Onun üçün də Milli Məclisin müvafiq komitəsinin bu məsələni müzakirə etməsini və plenar iclasa çıxarmasını xahiş edirəm”.

Deputat: “Azərbaycanda insan psixologiyasına təsir edən məhsullar var”

İclasda “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, Azərbaycanda insan psixologiyasına təsir edən məhsullar var.

Onun sözlərinə görə, geni dəyişdirilmiş məhsullar əsas problemlərdir: “Hətta artıq Azərbaycana geni dəyişdirilmiş bu meyvələrin özü yox, toxumları gətirilir. Soyuqda bitməsi nəzərdə tutulan və daha çox məhsul verən bitkini gətirib Azərbaycanda əkirlər, onun məhsullarının da insana psixoloji təsiri başqa cür olur. Bitkilərin müxtəlif vəhşi heyvanların genindən formalaşmış və çox məhsul verə biləcək toxumları hazırlanır. Bu toxumlardan alınan məhsullar da insanlarda aqressivliyin artmasına yol açır. Digər məsələ müxtəlif malların, məhsulların rayon yerlərində eyni yerdə satışının təşkil olunmasıdır. Geyim, yemək və digərləri bir yerdə satılır, bu da zəhərlənmə hallarının artmasına səbəb olur. Hesab edirəm ki, bununla bağlı ciddi tədbir görülməlidir”.

Müzakirələrdən sonra qanun ikinci oxunuşda qəbul olunub.

Bu gün keçirilən iclasın gündəliyinə daxil edilən digər qanunla da, Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi, Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi, “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılaraq qəbul olunub.

Müəllif: Anar Bayramoğlu

Oxşar xəbərlər