Pomidorun bahalaşmasında PARADOKS – Ekspert “10 gün” dedi

Pomidorun bazar qiymətləri son on gündə gözlənilməz həddə artıb. Bir çoxları bunun obyektiv səbəblərdən qaynaqlandığını izah etməyə çalışsalar da, cəmiyyətdə bu məsələdə işbazların da əlinin olduğu fikri hökm sürür.

Bəs əslində nə baş verir, bahalaşma nə qədər davam edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Elçin Bayramlı bu günlərdə pomidorun qiymətinin bahalaşma səbəblərinin tam bir paradoks təşkil etdiyini söyləyib.

Ekspert əlavə edib ki, bir müddət öncə Rusiyaya aparılan pomidorun tərkibində bəzi zərərli maddələr aşkar edildiyi üçün xeyli həcmdə məhsul geri qaytarılıb.

“Qaytarılan məhsullar həqiqi mənada ekspertizadan keçirilməlidir və əgər doğrudan da o pomidorlar sağlamlığımız üçün zərərlidirsə, onlar yerli bazara çıxarılmamalıdır. Yox, əgər Rusiyanın iddiaları doğru deyilsə, geri qaytarılmış pomidorların sayəsində yerli bazarda bolluq yaranmalı idi. Təbii ki, bu, qiymətlərin azalmasına gətirib çıxaracaqdı. Bu mövzuda yaranan suallarımıza aydınlıq gətirmək vəzifəsi birbaşa olaraq Qida Təhlükəsizliyi Agentliyinin üzərindədir”.

Ekspert pomidor qiymətlərinin artmasında istifadə olunan gübrə, dərman təyinatlı məhsulların dünya bazarında bahalaşmasının da səbəb olacağını bildirib:

“Digər bir halda gübrələrin və istehsal üçün lazım olan məhsulların bahalaşması da istisnasız olaraq istehlakçının xərclərini artırır və o da məhsulu bahalaşdırmağa məcbur olur”.

Bahalaşmanın mövsümi səbəblərlə də bağlı ola biləcəyini söyləyən ekspert son müddət ərzində havaların soyumasına diqqət çəkib:

“Mart ayının sonunda qarlı-şaxtalı hava və bundan sonra da davam edən soyuq hava şəraiti məhsulun planlaşdırıldığı vaxtda yetişdirilməsinə əngəl törədib. Bu da bir səbəbdir və qısa müddətdə bərpa olunacaq. Fikrimcə, 10 gün müddətində pomidorun qiymətində azalma baş verəcək”.

Oxşar xəbərlər