Prezident Mərkəzi Banka yeni sədr təyin etdi

Taleh Tahir oğlu Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.

 

SOSİUM.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

 

Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. 2004-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və kompüter mühəndisliyi” fakültəsini bitirib.

 

2004-2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın “Georgia State University” universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr dərəcəsinə yiyələnib.

 

O, 2012-ci ildə “London Biznes Məktəbi”nin (Böyük Britaniya) və 2014-cü ildə “Harvard Biznes Məktəbi”nin (ABŞ) yüksək ixtisas proqramlarını (“Senior Executive Programme”) bitirib.

 

Taleh Kazımov “ATTAS PR”, “European Tobacco” şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib.

2004-cü ildən isə maliyyə sektorunda peşəkar fəaliyyətə başlayıb. O, 2004-2006-cı illərdə “Bank Standard” QSC-də müxtəlif vəzifələrdə, 2006-2007-ci illərdə “Ernst & Young” şirkətində auditor, 2007-ci ildə bir neçə ay “Fineko Analitika və İnformasiya Agentliyi” ASC-nin Baş direktoru vəzifəsində çalışıb.

 

2007-ci ilin iyul ayından etibarən isə “PAŞA Bank”da fəaliyyətə başlayıb. Taleh Kazımov adıçəkilən bankda 2011-ci ilə qədər müxtəlif vəzifələrdə işləyib. 2011-ci ildə ildə isə “PAŞA Bank”ın İdarə Heyətinin üzvü seçilib.

 

2015-ci ildə isə “PAŞA Bank”ın İdarə Heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub.

 

Ailəlidir, iki övladı var.

Oxşar xəbərlər