Putin üçün “əcəl zəngi”: oliqarxların üsyanı başlayır

İlk “atəş” Vahid Ələkbərovdan, sonra növbə kimindir?Rusiyalı oliqarx Vahid Ələkbərov “Lukoil” şirkətinin Direktorlar Şurasının üzvü və şirkətin rəhbəri vəzifəsini tərk edib. Bununla bağlı yayılan açıqlamada bildirilir ki, Ələkbərov Direktorlar Şurasının üzvü kimi səlahiyyətlərindən imtina etmək, habelə “Lukoil”in prezidenti vəzifəsindən vaxtından əvvəl istefa vermək qərarına gəldiyini bildirib.

Onun bu qərarı ilə bağlı İdarə Heyətinin sədrinə də məlumat verilib. Azərbaycan əsilli milyarder “Lukoil” səhmlərinin 3,12 faizinə, həmçinin səsvermə hüququ olmayan ailə və pay investisiya fondları vasitəsilə səhmlərin 5,43 faizinə sahib olub. O, Azərbaycanda fəaliyyət göstərən “Yelo Bank”ın əsas səhmdarı olan “Topaz İnvestment” şirkətinə də nəzarət edir.

Bir müddət əvvəl Ələkbərov Qərbin sanksiyalarına məruz qalıb. İddialara görə, adı “Forbes”in siyahısında keçən oliqarx bu sanksiyalardan sonra 15 milyard dollardan artıq sərvətini itirib.

Bundan bir neçə gün öncə isə Rusiyanın “əmlak kralı” hesab olunan daha bir həmyerlimiz, yəhudi əsilli oliqarx Qod Nisanov İsrail vətəndaşlığını alıb. “Kiyevskaya ploşad” şirkətlər qrupunun Direktorlar Şurasının sədrinin də bu qərarını Rusiyaya qarşı embarqolarla əlaqələndirirlər.

Qeyd edək, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələrinin Rusiyaya qarşı sərt sanksiyalarından hələlik ən çox təsirlənən rusiyalı oliqarxlardır. Qərb dairələri oliqarxları Kremldən narazı salmaq və ardınca daxildə kütləvi etirazlara nail olmaq, Putini və hakim komandanı devirmək niyyətini gizlətmirlər. İddialar var ki, baş verənlər qısa müddət sonra rusiyalı oliqarxların kütləvi etirazına və itaətsizliyinə səbəb olacaq.

Politoloq Zərdüşt Əlizadə AYNA-ya şərhində V.Ələkbərovu oliqarx hesab etmədiyini deyib: “Çünki siyasi hakimiyyətin sayəsində sərvət əldə etməyib. O, keçid dövründə yaranan fürsətdən yararlana bilmiş iş adamıdır. Neft sənayesində peşəkar mütəxəssisdir, iqtisadi sahədən dərin bilikləri mövcudur. O, hələ sahibkarlıq fəaliyyətinə başlamamışdan əvvəl SSRİ energetik nazirinin birinci müavini postunu tutub. Rusiyada nə qədər neft quyusu var, onlardan necə istifadə etmək olar – bütün bunlardan xəbərdar olub. O, bu mənada oliqarxlardan fərqlənir”.

“Lakin Rusiya oliqarxları – hansılar ki, aralarında azərbaycanlılar da var – bu adamlar Yeltsinin ətrafında fırlanaraq var-dövlət sahibi oldular. Əksəriyyəti də keçid dövrü üçün həyata keçirilən özəlləşdirmə hərraclarında oliqarxa çevrildi. Bütün fəaliyyətləri boyu Kremlə quyruq bulayıblar. Vahid Ələkbərov isə kifayət qədər yaşlanıb, hər gün milyardlar itirirdi və buna görə getdi”, – deyə həmsöhbətimiz bildirib.

Analitik Rusiyada oliqarxların üsyanını gözlənilən sayır: “Bu oliqarxlar hansısa ideologiyanın ətrafında birləşməyiblər ki, sona qədər müqavimət göstərsinlər. Necə deyərlər, “Bağda ərik var idi, salam-əleyk var idi, bağda ərik qurtardı, salam-əleyk qurtardı” – bunlar belə adamlardır. Rusiyada pul qazanmaları üçün münbit şərait  varsa, onlar Putin rejiminin quludurlar, yox əgər belə imkan yoxdursa, dərhal səmtini dəyişəcəklər. Burada qeyri-adi nə var ki?!”.

“Rusiyanın çöküşü qaçılmazdır. Kreml nə qədər cəhd etsə də, bunun qarşısını almağa çalışsa da, nail olmayacaq. Proses artıq başlayıb və geri dönüşü yoxdur. Sadəcə zaman məsələsidir. Bunu oliqarxlar da bilirlər və yavaş-yavaş “batmış gəmini” tərk edirlər. Bir müddət sonra isə əhali ayağa qalxacaq və beləcə putinizm dövrünün sonu çatacaq. Qərb bunları hesablayır və elə buna görə də təmkinlidir. Unutmaq lazım deyil ki, Rusiya bu müharibədə Ukraynadan daha çox itirir”, – deyə Əlizadə söyləyib.

İqtisadçı ekspert Vüqar Oruc AYNA-ya açıqlamasında Rusiyada baş verənləri Sovet İttifaqının süqutuna bənzədib: “Ötən əsrin 80-ci illərində SSRİ-nin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında böhran yaşanmağa başladı. Elmi-texniki tərəqqinin ləngiməsi, infrastrukturun zəifliyi, təbii ehtiyatlar hasilatının çətinləşməsi və bahalaşması, maddi ehtiyatlar qıtlığının meydana gəlməsi və eyni zamanda SSRİ-yə qarşı ardıcıl sanksiyalar nəticəsində bu nəhəng imperiya tarixə qovuşdu. Əslində Qərbin məqsədi Sovet İttifaqını çökdürmək deyildi. Çünki ABŞ və Böyük Britaniya üçün bu, kifayət qədər riskli qərar idi. Qərb dairələri SSRİ-yə demokratik dəyərləri gətirməyi və bu yolla onu nəzarətə almağı 15 ölkəni ayrı-ayrılıqda idarə etməkdən daha məqsəduyğun görürdü. Lakin Sovet İttifaqının müqaviməti və xalqların azadlıq tələbləri imperiyanın süqutunu qaçılmaz etdi”.

“Bu gün Rusiyada baş verənlər oxşardır. İctimai-siyasi, iqtisadi və mənəvi böhran yaşanır. ABŞ və Avropanın sərt embarqoları, onsuz da çətin şərtlər altında yaşayan rus xalqının etiraz potensialını artırır. Düzdür, Kreml hələlik inzibati yollarla bunun qarşısını alır, lakin bu, uzun müddət belə davam etməyəcək”, – deyə müsahibimiz vurğulayıb.

Onun fikrincə, Vahid Ələkbərovun “Lukoil”dan gedişi bir başlanğıcdır: “Məlumdur ki, onun gedişinin əsas səbəbi Qərbin ona qarşı tətbiq etdiyi sanksiyadır. Cəmi bir neçə ayın içərisində 15 milyard dollar pul itirib. Kapitalizm dövrünün oliqarxına bundan artıq zərbə ola bilməz. O, sərvətini itirir, uğrunda çalışdığı dövləti isə ona heç bir dəstək göstərə bilmir. Təsəvvür edin ki, Vahid Ələkbərov öz sahəsində dərin biliklərə və təcrübəyə malik bir iş adamıdır. Rusiyaya yeni Vahid Ələkbərov yetişdirmək üçün ən azı 15 il zaman lazımdır. Ukrayna təcavüzündən bəri Rusiya yalnız itirir. İqtisadiyyat tənəzzülə uğrayır, beynəlxalq münasibətlər sistemindən təcrid olunur, sosial partlayışı şərtləndirəcək proseslər gedir. Artıq Kremlin imperiya və postsovet dövlətlərini nəzarətə almaq vədləri də daxili auditoriyanı sakitləşdirmir”.

“Hələlik proses oliqarxlardan başlayıb. Bu gün Abramoviç, Ələkbərov, sabah Potanin, Mixelson, Mordaşov, Lisin, Nisanov və s. “Bu xəmir hələ çox su aparacaq”. Şübhəsiz ki, yekunda Rusiya çökəcək – ya özü batacaq, ya da imperalist Putin rejimi. Bu iki seçimdən birini etməyin zamanı gələcək. O zaman yəqin ki, ruslar ikinci seçimin üzərində dayanacaqlar. Ancaq Rusiya nəhəng dövlətdir və onun qısa müddətdə çöküşünü gözləmək sadəlövhlük olardı. Yəqin ki, bunun baş verməsi 5-10 il çəkəcək”, – deyə Oruc fikrini yekunlaşdırıb.

Müəllif: Azər Niftiyev

Oxşar xəbərlər