“Qəti fikirdəyik: xanımlara giriş qadağandır”

“Kişilər Klubu”nun təsisçisi: “Xanım və bəylərin bir yerdə işlədikləri çox az iş yeri ola bilər ki, orada intriqa yaranmasın”

“Facebook”un Azərbaycan seqmentində qadınları, kişiləri bir yerə toplayan onlarla qrup var. Bu qruplar arasında sırf qadınların və ya kişilərin toplaşdıqları da az deyil. Aktiv istfadəçilər isə yaxşı bilirlər ki, qadınların toplaşdığı quruplarda bir çox hallarda müzakirə mövzularını, rəylərdə ifadə edilən fikirləri o qədər də ürəkaçan hesab etmək olmasa da, pandemiyanın sərt karantin günlərində yaradılmış “Evdar Kişilər Kulubu” (daha sonra adı “Kişilər Klubu” ilə əvəzlənib) qrupu ilk gündən müsbət rəylər almağa, diqqət çəkməyə başlayıb.

Hazırda eyni adlı restoran da fəaliyyət göstərir. Bu da virtualda toplaşmış bir çox kişinin realda da bir-biri ilə həmsöhbət olmasına, müxtəlif müzakirələrdə iştirak edib fikir mübadiləsi aparmasına şans yaradır.

AYNA-nın həmsöhbəti də qrupun və eyni adlı restoranın – “Kişilər Klubu”nun təsisçisi Vəfadar Babayevdir. Müsahibimizlə söhbəti təqdim edirik:

– Vəfadar bəy, bu günlərdə Kürdəmirdəydiniz. Rayonların inkişafından, orada yaşayan insanların, xüsusilə də gənclərin problemlərindən danışanda onların inkişafı üçün şəraitin yaradılmamasından şikayətlənirlər. Sizin gözünüzlə baxsaq, Kürdəmirdə vəziyyət necədir? 

– Ümumi vəziyyət yaxşıdır. Yaz gəlir, havalar gözəl, insanların əhval-ruhiyyəsi yaxşıdır. Amma qeyd etdiyiniz istiqamətə qaldıqda, dediyiniz kimidir. Lakin onu deyim ki, Azərbaycanda hər yerdə boşluq var. Gənclər evləri açıblar, amma sadəcə binadır. İstifadə olunmur. Mənim fikrimcə, ümumiyyətlə, çörəyi çörəkçiyə vermək lazımdır. İnnovativ və faydalı olmaq istəyən şəxslər vəzifəyə gətirilməlidir. Kürdəmirin indiki icra başçısı haqqında bunu demək olar. Ortaq dostlarımız, tanışlarımız da bu fikirdədir ki, vətənə, millətə faydalı olmağa çalışan adamdır.

 

– “Kişilər Klubu”nda olubmu? 

– Bəli, gəlib. Sadə insandır. Hiss olunur ki, həqiqətən nəsə etməyə çalışan birisidir. Bilirsiniz, baxın belə adamlar vəzifəyə gəlməlidir. Dövlət məhz bu cür insanlara şərait yaratmalıdır, qapılar açmalıdır. Bəlkə bundan sonra nəsə oldu. Bizdə problemlər həddindən artıq çoxdur. A-dan Z-yə problemdir.

– “Azərbaycanda ailə saxlamaq hər oğulun işi deyil”. Az qala, hamı bu fikri səsləndirir, maliyyə durumundan şikayət edir. Ən çox satılan fərdi inkişaf kitabları arasında da elə varlı olmağın yollarından bəhs edən kitablar üstünlük təşkil edir. Maraqlıdır, Azərbaycan kişiləri bir yerə toplaşanda varlanmağın yollarını düşünür, axtarır, bu istiqamətdə müzakirələr aparırlarmı?

– “Kişilər Klubu”nda bu yaxınlarda “Milyonçu olmaq çətin deyil” mövzusunda müzakirəmiz olmuşdu. Bu barədə əvvəldən sosial mediada paylaşım etdiyimdə hər kəsin verdiyi sual bu idi ki, “adam özü milyonçudurmu?” Deyirdim, bəli, milyonçudur (gülür – A.N.). Təlimçimiz bu mövzuda maliyyənin idarə edilməsindən danışmışdı. İnsan birinci öz büdcəsini idarə etməyi bacarmalıdır. Nəyə nə qədər xərclədiyini yaxşı bilməlidir. Əgər aylıq qazancı xərclərini ödəməyə çatmırsa, “nə etmək lazımdır?” sualına cavab tapmalıdır. Müzakirələrdə təlimçimiz bunlardan danışdıqca baxırsan ki, əslində çox primitiv şeylərdir, amma bunları bilmək və əməl etmək lazımdır. Yalnız bu halda insan öz iqtisadi vəziyyətini düzəldə bilər. Yəni söhbət milyonçu olmaqdan getmir, ən azından normal yaşayış üçün insan öz iqtisadi vəziyyətini yaxşılaşdırmağın yollarını, büdcəsini idarə etməyi bilməlidir ki, büdrəyəndə yerdə qalmasın.

– Bəs ümumi dəyərləndirəsi olsaq,  necə düşünürsünüz, bizdə maliyyə savadlılığı hansı səviyyədədir? 

– Təəssüf ki, çox-çox aşağıdır. Hətta bizim uğurlu gördüyümüz bir çox iş adamlarının maliyyə savadlılığı yetərli deyil. Bunu da ancaq işin içində olanda görür, bilirsən. Yoxsa kənardan baxanda böyük dövriyyəsi olan şirkət rəhbərləri uğurlu görünür. Reallığı gördükdə isə məlum olur ki, adam kimlərəsə görə uğurlu ola bilər, amma heç də belə deyil. Həmin şəxs, bəlkə də, hazırkı vəziyyətindən qat-qat yuxarılarda ola bilər, amma maliyyə savadlılığı, şirkətin strukturu olmadığına görə və s. olmalı olduğu yerdən geridədir.

– Bu hallarda adətən mühiti günahlandırırlar… 

– Kompleks inkişaf lazımdır. Yaponların İkinci Dünya müharibəsindən sonra ən çox önəm verdikləri şeylərdən biri müəllimlərin maaşını yüksək etməklə yanaşı maliyyə savadlılığını artırmaq olub. Məsələn, düşünün ki, siz ənənəvi Azərbaycan sahibkarı kimi bir mağaza işlədirsiniz. Övladınız da məktəbdə maliyyə savadlılığı istiqamətində müəyyən biliklər əldə edir və sizin hansısa addımlarınızın yanlış olduğunu deyir. Bu, əlbəttə ki, olduqca gözəl bir şeydir və o deməkdir ki, uşaq artıq elə kiçik yaşlarından pulla rəftarı, onu düzgün idarə etməyi bilir. İndi bizim Kürdəmirdə etmək istədiyimiz də budur. Biz məktəblərdən başlamağı düşünürük. Sahibkarlarla görüşlər etməklə yanaşı məktəblərdə də bu istiqamətdə işlər görmək, müəllimlər vasitəsilə şagirdlərlə işləmək, təlimlər keçmək, maliyyə savadlılığını artırmaq istəyirik. Çünki kompleks yanaşma olmasa, çətin ki, effektiv nəticə əldə edəsən. İndi bilmirik, nə dərəcədə uğurlu olacaq, amma etmək istədiyimiz budur.

– Ümid edək ki, çox uğurlu olacaq. Əslində sizin bu etmək istədiyiniz dövlət tərəfindən edilməsi vacib olan bir işdir və böyük bir komanda əməyi tələb edir.

– Razıyam. Hazırda bir gerçəklik var ki, dövlətin faydalı ola biləcək kadrları tapmaqla bağlı problemi var. Açığı, mən özüm də kimisə tövsiyə etməkdə bəzən çətinlik çəkirəm. Tanıdıqlarım var, ancaq adamın şəxsi keyfiyyətlərinə bələd deyiləmsə, tövsiyə etməkdə ehtiyat edirəm. Bəzən kiminsə yaxşı işlər görmək istəyi olur, amma mühit imkan vermir. Lakin bu, o demək deyil ki, həmin adam faydalı olan birisi deyil. Kimisə tövsiyə etmək olduqca məsuliyyətli bir işdir. Eyni zamanda da insanlarda qəlpləşmiş fikirlər var. Faktın fakt olduğuna kimisə inandırmaq çətindir. Yəni, hazırda ümumi vəziyyət belədir ki, proses gedir, amma ləng getməsinə də təsir edən amillər var. Buna görə işləyib elə bir model ortaya çıxarmaq lazımdır ki, uğurlu alınsın və onu digər istiqamətlərdə də tətbiq etmək mümkün olsun.

– O zaman bu fikirlə razılşmaq olar ki, sovet təfəkkürlü, o qəlpləşmiş fikirli insanlar gedib, yerinə gənclər gəlməyincə bizdə vəziyyət düzələn deyil?

– Bəli, müəyyən bir vaxt keçməli, biz sovet təfəkkürlü insanlarla vidalaşmalıyıq və bundan sonra proses daha sürətli olacaq. Yoxsa onlar irəli getmək istəyənləri də geri çəkirlər. Məsələn, dostlarımız var. İşlərini sevirlər, istəyirlər ki, fəaliyyətlərində həqiqətən faydalı olsunlar. Amma o sovet təfəkkürlü adamlar elə şərait yaradırlar ki, onlar axırda bezir, uzaqlaşırlar. Rüşvət olan yerdə işləmək istəmirlər. Baxırsan ki, acıdır, amma o sovet təfəkkürlü, rüşvətə şərait yaradan insanlar ölüb getmədən bu vəziyyətin düzəlməsi çətindir. Buna görə tısbağa sürəti ilə gedirik.

 

– Bütün bu mənzərənin fonunda “Kişilər Klubu” kifayət qədər uğurlu görünür. Sizcə, klubu belə uğurlu edən nədir? 

– Bizim haradan başlayıb, haraya gəldiyimizi anladan bir hekayəmiz var. Bu, bizə bir dəyər qatır. Hər bir biznesdə önəmli olan konsepsiyadır. Konsepsiyası olmayan istənilən biznes gec və ya tez iflasa uğramağa məhkumdur. Məsələn, mənə deyirlər ki, həftədə bir dəfə xanımların da kluba gəlməyinə icazə verin, çox sayda müştəri qazanmış olarsınız və s. Cavabım belə olur ki, bizim məqsədimiz restoranı doldurmaq deyil. Konsepsiyamıza görə, məqsədimiz oranın işləməsidir. Ümumiyyətlə, onu deyim ki, ixtisasım biznes olsa da, heç vaxt restoran sektorunda olmağı düşünməmişəm. Heç ofisiant belə, işləməmişəm, təcrübəm, təsəvvürüm yox idi. Bizim biznes konseptual olduğuna görə maraq çəkib və bu davam edir.

– İşçilərin də hamısı kişilərdir? 

– Bəli. Bu məsələdə çox qəti fikirliyik. Xanımlara giriş qadağandır (gülür – A.N.).

– Bəs müsahibə üçün gəlmək istəyən olsa? 

– Bununla bağlı bir neçə əhvalat olub. Əvvəlcədən demişəm ki, müsahibəni restoranda götürəcəklərsə, nəzərə alsınlar ki, xanımlara giriş qadağandır. Amma elə biliblər, ciddi deyiləm. Səhəri gün zəng ediblər ki, yəqin zarafat edirsiniz. Bəs müsahibə alacaq xanım layihə rəhbəridir, özünün müsahibədə olması şərtdir. Bildirmişəm ki, xeyr, xanımların içəri daxil olması bizim konsepsiyaya uyğun deyil. Deyiblər ki, o zaman xanımın içəridə olduğu kadrda görünməyəcək, sadəcə müsahibə üçün keçər. Razılaşmamışam. İnad etdikləri halda demişəm, təxirə salsınlar. Belə halda da düşünürlər ki, bu, necə ola bilər? Bir biznes reklam olunmaq istəyər, amma necə olur ki, imtina edirlər? Bu barədə bir status da yazmışdım. Çoxlu reaksiya gəldi. Sən demə, xanım dostluğumda varmış. Uzun-uzadı bir mesaj yazmışdı.

– Deyirlər, kişilər uzun mesajları oxumurlar… Oxudunuzmu? 

– Ümumi bir göz atdım (gülür – A.N.). Bildirdim ki, olan hadisəni yazmışam. Nə kimisə təhqir etmişəm, nə də alçaldacaq nəsə yazmışam. Heç kanalın da adını çəkməmişdim. Sizə bunun heç bir ziyanı yoxdur.

– Hansısa xanım işbirliyi üçün “Kişilər Klubu”nda görüşməyi şərt qoysa və bu, böyük bir şans olsa, şərti ilə razılaşmazsınız? 

– Yox, yox! Bu, məsələdə qəti fikirliyəm. Bayaq anamla görüntülü danışırdım, deyir ki, mən Bakıya gələndə restoranına gedəcəm ha. Deyirəm, yox, yox. Deyir, o zaman heç olmasa, çöldən baxaram (gülür – A.N.).

– Restoran üçün işçi komandasını necə yığmışdınız? 

– Çox işçimiz yoxdur. İşçiləri elan yazaraq tapıb işə qəbul etmişik. İkicə nəfər ortağımın tanışıdır. Onları da bacarığına görə işə qəbul etmişik.

– Qohum, dost-tanış iş üçün müraciət edəndə imkan varsa, dərhal işə götürürsünüz, yoxsa prinsiplərinizə uyğun olub-olmadığına baxırsınız?

– İş axtaran yaxınlarım var, amma götürə bilmirəm. Çünki bilirəm ki, istədiyim nəticəni ala bilməyəcəm. Yaxınımdır deyə də susmaq məcburiyyətində qalacam, xətrinə dəyə bilməyəcəm. Məndən ötrü hər şeydən əvvəl bilik, bacarıq və dəyərlərdir.

– İşçilərlə münasibətiniz necədir? 

– İstənilən sahibkar özünə bənzəyən insanları ətrafına yığır, onlarla işləyir. Bu günlərdə “Kişilər Klubu”nda psixologiya ilə bağlı müzakirə var idi. Orada belə bir fikir səsləndirildi ki, bizim millətlə başqa cür alınmır, bizim millət despot rejimə öyrəşib və s.

– Razısınız? 

– Əlbəttə ki, xeyr! Bizdə hamı kişidir və işlər də çox yaxşı, yolunda gedir. Mən administratora tapşırmışam ki, heç kimin xətrinə dəyməsin.

– Amma belə bir fikir var ki, xanımlar mühitə mülayimlik, rəngarənglik qatırlar. Xanımlar olmadan rəngsiz, boz deyil? 

– Adətən xanımlar olan yerdə söyüş söyülmür, kobud ifadələr işlədilmir. Buna görə xanımların olması xoş qarşılanır. Amma əslində xanım intriqa yarada bilir. Sevgi, ikili münasibətlər və s. bunlar özü də poblem yarada bilər. Xanım və bəylərin bir yerdə işlədiyi çox az iş yerləri ola bilər ki, orada intriqa yaranmasın. Söhbət hamıdan getməsə də, reallıq belədir ki, bir yerdə işləyən kişi və qadınlar evli belə olsalar, aralarında müəyyən münasibətlər yaşana bilir. Bu zaman da istər-istəməz söz-söhbət yaranır və bu da iş mühitinə təsirsiz ötüşmür. Yəni bu, o demək deyil ki, xanımlar olan yerdə mühit daha gözəl olur. Mən kişilərlə işləyirəm və bundan çox məmnunam (gülür – A.N.).

– Belə bir fikir var ki, müdirlər sərt, ciddi, soyuq, quru adam olurlar. Mülayimlik rəhbərliyə yaraşmır. Bəs sizcə, necədir? 

– Hər şey qoyulan qaydalardan və dəyərlərdən asılıdır. Kim ilk dəfə necə müdirlə qarşılaşırsa, düşünür ki, elə müdir o cür olmalıdır. Hər xarakterə malik insan lider ola bilər, amma önəmli olan dəyərlər, prinsiplər və ümumi konsepsiyadır. İdarəetmədə uğurlu olmaq üçün ən önəmli şey sistemin olması və onun təqib edilməsidir. Bizdə təəssüf ki, ən önəmli məqam yaddan çıxır. O da təqib etməkdir. Sistemi çox adam qurur. Hətta hazır sistemi satan şirkətlər də var. Böyük məbləğdə pul verib sistemi alanlar var, amma onun 10 faizini istifadə etmir. Bunun nə mənası var? Vərəqdə olsun, amma təqib etdiyin bir sistem olsun. Əsas olan təqib etməkdir.

– İdarəetmə barədə sual ünvanlayan, kömək istəyənlər olurmu? 

– Olur. Amma təəssüf ki, ümumi təəssürat yaratması üçün aylıq hesabat istəyəndə məlum olur ki, bu, belə yoxdur. Yəni şirkətlər var ki, işləyirlər, pul da qazanırlar, amma normal bir sistemi, təqibi yoxdur.

– Yeri gəlmişkən, bildiyimə görə, Azərbaycanda təhsil almısınız. İşinizdə sizi kifayət qədər uğurlu hesab etmək olar. Amma belə bir fikir formalaşıb ki, guya xaricdə oxuyub gəlməsən, buradakı təhsillə uğurlu ola bilməzsən. Siz necə düşünürsünüz?

– Bəli, Azərbaycan Memarlıq və İnşaat Universitetində biznesin təşkili və idarə edilməsi ixtisasını bitirmişəm. İxtisasımı sevirdim. Amma “universitet o təhsili verdimi” deyə soruşsanız, xeyr deyərəm. Dördüncü kursda “Business school” təliminə qatıldım. İki aylıq təlim üçün o zaman kifayət qədər yüksək məbləğ ödədim və orada biznesin nə olduğu barədə təəssüratım yarandı. Biznes planı orada yazmağı öyrəndim. Təbii ki, bizə çox primitiv formasını öyrətmişdilər. Amma ən azından biznes planın necə hazırlandığını öyrənmiş oldum. Bu, mənə çox kömək oldu. Başlamadan bitən cəhdimizi də elə o zaman etdik (gülür – A.N.).

– Nəyə başlamışdınız? 

– Mən o zamanlar “Çuda peçka”da işləyirdim, su filtirləri satmağa çalışırdım. Əlimdə olan kiçik bir məbləğlə dostuma təklif etdim ki, gəl iş quraq. İkimiz də pulumuzu üst-üstə qoyub kurs açmağı qərarlaşdırdıq. O vaxtlar da neft baha idi, insanlarda xərcləməyə pul var idi. Həmin zamanlarda qurulan işlər biznes deyildi, sadəcə məkanı götürüb işlədirdilər.

– Bəs siz necə, kurs aça bildiniz? 

– Bir türk var idi. Gedib onunla görüşdüm. Kurs açmaq istədiyimizi dedim. O da dedi ki, uşaqsan, sabah-birigün də çıxıb əsgərliyə gedəcəksən, kurs-filan nədir. Mən də biznes planı çap etdirmişdim. Çıxarıb qarşısına qoydum ki, bu da bizim biznes planımız. Türk də heç biznes plan nədir bilmir, amma ortada bir əmək var idi və bu, ona xoş gəldi. Bizimlə razılaşdı. Amma şərt qoydu ki, işin sahibi özü olacaq. Lakin razılaşmadım, axırda bizə borc verməyi vəd etdi. Gedib yer tapdıq və mənim israrımla yeri icarəyə götürdük. Dostum razı deyildi. O, mükəmməliyyətçidir, detallı düşünəndir. Adətən belə adamlar biznes qura bilmirlər. Təbii ki, qura bilənlər də var, amma çox çətin olur. Çünki hər şeyi detallarına qədər düşünür, lakin biznes müəyyən qədər cəsarət istəyir. Sən detalları düşününcə başqaları o işi etmiş olacaq. Nəysə ki, biz yeri icarəyə götürdük, amma türk bizə vəd etdiyi pulu vermədi və işimiz başlamadan bitdi.

– Bizdə universitet təhsilini necə dəyərləndirirsiniz? 

– İndini bilmirəm, amma bizim dövrümüzdə (2013-cü ildə məzun olmuşam) biznes təhsili çox zəif idi. Dərs keçənlərin əksəriyyəti sovet təfəkkürlü adamlar idi, materiallar da sovet dövründən qalma idi. Sovet dövründə isə sosializm olub, hər şey dövlətin olub. O mühitdə yaşayan adamlar necə biznes öyrədə bilərlər? Görmədikləri, bilmədikləri bir şeyi nə yaza, nə də öyrədə bilərlər. Məndə ilkin təəssüratı da təlim yaradıb, ilk cəsarəti də təlim verib.

– O zaman universitet nəyə lazımdır? 

– Universitet insanların müəyyən qədər üfüqini genişləndirir. Gerisi insanın bacarığına bağlıdır. Sözsüz ki, bir çox ixtisaslarda tədris metodu, materiallar çox böyük rol oynayır. Amma elə sahələr var ki, səndə müəyyən keyfiyyətlər yoxdursa, səni o sahənin bacarıqlı, uğurlu adamı edə bilməz. Məsələn, səndə risk etmək cəsarəti yoxdursa, sən biznesmen ola bilməzsən.

– Kənardan müşahidələrimə görə, məndə belə bir təəssürat yaranıb ki, “Kişilər Klubu”nda ancaq intellektual, müəyyən statusu, mövqeyi olan şəxslər toplaşır. Yanılmıram ki? 

– Əslində elədir. Bizim kontingent daha çox inkişaf etmək, maariflənmək istəyən və maarifləndirən insanlardır. Faydalılıq prinsipini elə “Kişilər Klubu”nda da qoruyuruq. “Kişi söhbət”ləri təşkil edirik. Orada kişilərə aid müxtəlif mövzular müzakirə olunur. Adətən həmin söhbətlər cümə axşamları olur. Həmin görüşlərdə də məcburi sifariş və yaxud məcburi depozit tələbi qoymuruq. Kimsə gəlib sadəcə bir stəkan çayımıza qonaq olub həmin söhbətləri dinləyə bilər. Çox səmimi, rahat bir mühit yaratmışıq. “Kişilər Klubu”nda masadan qalxan adam tanımadığı digər masada əyləşənlərə “nuş olsun”, “sağ olun” deyib gedir. Bir dəfə dostlarımdan birisi gəlmişdi, restorandakı səmimiyyəti görüb soruşur ki, bu, nə səmimiyyətdir? Məsələn, adamlar var, gəlirlər, sonra deyirlər ki, içəri girəndə insanlar gözünün içinə baxır, səndən salam verməyini gözləyirlər. Ən çox aldığımız geridönüş də məhz hər kəsin özünü evindəki kimi hiss etməsidir.

– Buna necə nail olmusunuz? 

– Bunun üçün xüsusi mexanizm fikirləşməmişik. Sadəcə səmimi olmuşuq. Bu da əslində bizim hekayəmizdən irəli gəlir. “Facebook”da karantin vaxtı “Evdar Kişilər Klubu”nu yaradandan 3-4 gün sonra üzvlər dedilər ki, gəlin yardım toplayaq, işsiz insanlara yardım edək. Bu zaman dəstək olanlar çox oldu. Mənə dedilər ki, sənin “Xızır baba” layihən də olub, təcrübən var, təşkil et. Mən də insanlardan gələn tələblə razılaşdım, yoxsa ərzaq paylamaqla bağlı təcrübəm yox idi. Nəticədə biz həmin vaxtlar 2500 ailəyə yardım payladıq. Bunu edənlər bir-birini tanımayan adamlar idi. Məsələn, ilk yardım paylaşımını edəndə birisi yazdı ki, mən gəlib maşınımla ərzaqların paylanmasına kömək etmək istəyirəm. Buna baxdı, başqaları da yazdı və beləcə bir-birini tanımayan insanlar bir yerə bir məqsəd üçün toplaşmış oldu və sistem quruldu. Həmin adamlar içərisində çox fərqli ideologiyaya, inanca, siyasi baxışa malik insanlar var idi, amma onlar çox mehriban idilər. Hər kəs bir amal uğrunda birləşmişdi – faydalı olmaq. Yəni necə başladığımız, yola davam etdiyimiz göz önündə olub.

– Ümid edirəm, bu söhbətimiz də oxucularımız üçün faydalı olacaq. Sizə xoş ünsiyyət üçün təşəkkür edir, işlərinizdə uğurlar diləyirəm! 

– Dəvətiniz və gözəl dinlədiyiniz üçün mən təşəkkür edirəm. Bu, müsahibədən daha çox səmimi söhbət oldu. Çox xoş oldu.

Oxşar xəbərlər