Qarabağ atlarının auksionu – Biri 7 minə satıldı

Kənd Təsərrüfatı Nazirliyi Qobustan Heyvandarlıq Nümayiş Kompleksində Qarabağ atlarının auksionunu keçirib.

“Qafqazinfo” xəbər verir ki, auksiona ilkin olaraq 3 at çıxarılıb. Bunlar Qarabağ cinsinə məxsus “Sahil”, “Zilaxar” və “Sultan” atları olub. Atlardan ikisi – “Sahil” və “Zilaxar” auksionda satılıb.

İlkin qiyməti 5000 manat olan “Sahil” atı 5500 manatla yeni sahibini tapıb. Habil İbrahimov adlı sahibkar auksionda atı alıb.

“Zilaxar” isə 7000 manatla auksiona çıxarılıb. Orxan Qaraxanbəyov adlı sahibkar 7500 manatla ata sahib olub.

Tədbirdən sonra Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov açıqlama verərək bu cür auksionların davam edəcəyini bildirib: “Bura 6 at gətirilmişdi. Onlardan 3-ü auksiona çıxarıldı. Siz də şahidi oldunuz ki, bu atlardan ikisi sahibini tapdı. Auksion elan olunanda həm qonaq kimi, həm də iştirakçı kimi çoxsaylı müraciətlər var idi. 30 min manata olan “Sultan” atı isə auksionda satılmadı. Belə auksionlar davam edəcək”.

O qeyd edib ki, burada təkcə atların satışı nəzərdə tutulmur: “Auksionda həm də başqa damazlıq heyvanlar satıla bilər. Əgər kimsə damazlıq heyvan almaq istəyirsə, bu Heyvandarlıq Kompleksinə gələ bilər”.

V. Hüseynov əlavə edib ki, damazlıq heyvan alanlara dövlət tərəfindən dəstək göstərilir: “Alınan heyvanların qiymətinin 60 faizi dövlət tərəfindən ödənilir. Xaricdən gətirilən damazlıq heyvanlar da burada saxlanılır və hər kəs onlarla tanış olmaq üçün gələ bilər”.

 








Oxşar xəbərlər