Qarayevin “qara” biznesi və reallıq…

Belə görünür ki, Zakir Sultanovun sabiq nazir haqda məhkəmədə söylədikləri talan faktlarının yalnız az bir hissəsidir

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin və ailəsinin sahib olduğu bizneslə bağlı dəfələrlə yazılıb. Bu dəfə isə onun Xorvatiyadakı biznesi haqda məlumat yayılıb.

SOSİUM.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Koleziumun (dairəvi Amfiteatr arenası) yanında keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevə məxsus 3 ulduzlu, 3 mərtəbəli “Amfiteatr” hoteli yerləşir. Əbülfəs Qarayev bu hotelə 12 il əvvəl sahib olub. O, həmin vaxt Azərbaycanın mədəniyyət və turizm naziri vəzifəsini icra edirdi.

Pulanın Amfiteatr küçəsi 6-da yerləşən hotel 18 nömrədən və geniş restorandan ibarətdir. Bura köhnə tarixi bina olub, yerli dövlət orqanları binanın mühafizəsi şərtilə modernləşdirilməsinə icazə veriblər. O zaman Xorvatiya mediası yazırdı ki, hotel Azərbaycandan olan “biznesmenə” 1 milyon avroya başa gəlib. Yatırım edən LK D.O.O. (LTD) şirkəti 2008-ci ildə Pulada Mutvoranska 3 ünvanında 20 min xorvat kunası nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Daşınmaz əmlak alışı və satışı kateqoriyasında təsnifləşdirilmiş LK D.O.O-nun təsisçisi isə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin həyat yoldaşı Lalə Kazımovadır.

Xorvatiya mənbələrinə görə, LK (Lalə Kazımova ad-soydının abbreviaturası) LTD-nin 2020-ci ildə gəliri 604.712.00 HRK (xorvat pul vahidi) təşkil edib.

Şirkətin icraçı direktoru kimi Anar Nağıyevin adı sənədlərdə keçir. Anar Nağıyev Əbülfəs Qarayevin zamanında Mədəniyyət və Turizm Nazirliyində müşavir vəzifəsində çalışıb. O, vaxtilə YAP elitasının önəmli fiquru olmuş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin qardaşı oğludur. Anar Nağıyevin atası bir zamanlar Səbayel və Binəqədi rayonlarının polis rəisi olmuş Nazim Nağıyevdir.

Bu arada Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun barəsində verilən apelyasiya şikayəti üzrə məhkəmə icraata verilib. Şikayətə Bakı Apelyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə baxılacaq.

5 milyon manatdan artıq büdcə vəsaitinin yeyintisində suçlanan Zakir Sultanov istintaqçıların araşdırmalarla müəyyən etdikləri bu ziyanı istintaq dövründə ödəyib. Pulun 4 milyon manatı nağd pul şəklində ödənilib. Sabiq xidmət rəisinin 600 min dollarlıq, 130 min, 10 min və 20 min manatlıq əmlaklarının üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub. Zakir Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Zakir Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib. Zakir Sultanov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun məhkəmədə verdiyi ifadələri yada salmaqda fayda var. Zakir Sultanovun sözlərinə görə, mənimsənilən pulların çoxunu o, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə verib. Hətta məhkəmə dövründə də Zakir Sultanov dəfələrlə Əbülfəs Qarayevin məhkəməyə dəvət olunaraq ifadə verməsini tələb edib. Lakin onun vəsatətləri təmin edilməyib. Belə görünür ki, müavinin dedikləri gerçəyin yalnız az bir hissəsidir və Qarayev dövləti talayıb xaricə daşıyıb. Amma hələ də bağında oturub istirahət edir…

Əbülfəs Qarayev hələ nazir olduğu günlərdə tanınmış rejissor Cəlaləddin Qasımov açıqlamasında Mədəniyyət Nazirliyindəki bütün neqativlərin nazirin adına bağlı olduğunu açıqlamışdı. Onun müsahibəsindən sitat: “Mən də elə bilirdim ki, onun heç nədən xəbəri yoxdur. Mən hər dəfə sənədləri aparırdım. Sonra mənə dedilər ki, nazirlikdə bütün qərarları Əbülfəs Qarayev verir. Həbsdə olan müavinlərin günahı yoxdur, günah Əbülfəs Qarayevdədir. Nazirin xəbəri və razılığı olmadan heç vaxt saxtakarlıqlara yol verməzlər. Onun alınan rüşvətdən də, edilən özbaşınalıqdan da xəbəri var. Ölkə başçısı bütün sahələrə olduğu kimi mədəniyyət sahəsinə də diqqət ayırır. 2008-2018-ci illərdə kino sahəsinin inkişafı üçün böyük pullar ayırıb. O pulların aqibəti ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparmalıdır. Büdcədən ayrılan pullar hara gedib? Film sahəsinin inkişafı üçün ayrılan pullar bəllidir ki, ”yeyilib”. Çəkilən filmlər hamısı arxivə göndərilib. Araşdırılsın ki, büdcədən ayrılan pullar həqiqətən filmlərin çəkilməsinə xərclənibmi. Elə adamlara fəxri adlar verilib ki, adam şoka düşür. Xalq onları tanımır, istedadları yoxdur. Biz əvvəllər fəxri ad alana uca insan kimi baxırdıq. İndi alanların çoxu biabırçı vəziyyətdədir. Adam baxanda fəxri addan uzaqlaşır”.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Əbülfəs Qarayevin həbsi üçün kifayət qədər əsaslar var: “Mədəniyyət Nazirliyindəki korrupsiya cinayətləri məhkəmə qərarlarında əksini tapıb. Artıq ittihamlar Azərbaycan məhkəməsinin hökmü ilə təsdiqini tapıb. Yəni Əbülfəs Qarayevin rəhbərliyi altında mədəniyyət sahəsinə dövlət büdcəsindən ayılan milyonların oğurlanması faktları ortadadır. Zakir Sultanov 5 milyon manatdan artıq büdcə vəsaitini dövlətə qaytarıb. Ona görə də iş üzrə yeni həbslərin olması üçün çox ciddi əsaslar yaranıb. İndi üzə çıxır ki, Əbülfəs Qarayev nazir olanda Xorvatiyada 3 ulduzlu, 3 mərtəbəli ”Amfiteatr” hotelini 1 milyon avroya alıb. Həmin pul Azərbaycan dövlətinin, Azərbaycan xalqınındır. Azərbaycan mədəniyyətindən oğurlanıb. İstintaq bu məsələni araşdırmalıdır. “Amfiteatr” hoteli Azərbaycan xalqına qaytarılmalıdır. Ona görə də bu iş üzrə həbslərin davam etməsinin vacib olduğu qənaətindəyəm. Çünki ortada bu qədər böyük cinayətlər var. Buna baxmayaraq, həbs olunanlar elə də böyük fiqurlar deyil. Verilən məlumatlardan məlum olur ki, Mədəniyyət Nazirliyində dövlət vəsaitinin mənimsənilməsi ilə yanaşı digər cinayət əməlləri də baş alıb gedib. Bakının arxitektura nümunələri olan binaların Mədəniyyət Nazirliyinin reyestrindən çıxarılaraq sökülməsi və yerində çoxmərtəbəli binaların tikilməsindən tutmuş mədəniyyət şöbələrinə rəhbər təyinatlarında, eləcə də turizm şirkətlərindən və hotellərdən alınan rüşvətə qədər nə desən var. Pul qarşılığında mədəniyyət nümunələrini, tarixi abidələri satanlar dövlət idarəetməsinə doluşub bu millətin keçmişini silib gələcəyinə böyük zərbə vurublar. Bu qədər cinayət hadisəsi nazirliyə Əbülfəs Qarayev rəhbərlik edəndə baş verib. O, nazir olaraq hara baxırdı? Dogrudanmı Əbülfəs Qarayevin baş verənlərdən xəbəri olmayıb? Kiminsə nazirin rəhbərlik etdiyi qurumda baş verənlərdən xəbərsiz olmasına inanacağını gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Bütün oxlar Əbülfəs Qarayevə tərəf istiqamətlənib. Ona görə də həbslərin bir ucu Əbülfəs Qarayevə də gedib çıxmalıdır”.

Oxşar xəbərlər