Rusiyada avtomobil bazarı çökür: Nəhəng şirkət istehsalı dayandırır

“Stellantis” avtokonserni Rusiyada “günbəgün artan qarşılıqlı sanksiyalar təhlükəsi və logistik problemlər səbəbindən” avtomobillərin yığılmasını dayandırıb.

 

Qaynarinfo xəbər verir ki, bu barədə “Bell” portalı məlumat yayıb. (https://t.me/thebell_io/17738 )

 

Portalın məlumatına görə “Peugeot”, “Opel” və “Citroen” avtomobillərinin müxtəlif modelləri konsernə məxsus Kaluqa yaxınlığındakı zavodda yığılırdı. Müəssisənin bağlanması o deməkdir ki, hazırda Rusiyada tam gücü ilə işləyən iki avtomobil yığma zavodu qalıb: UAZ və Çin “Haval”ı.

 

“The İnsider” xəbər verir ki (https://theins.ru/news/250446 ), “Avtostat” portalının məlumatına görə, Rusiyada cəmi dörd avtomobil zavodu minik avtomobillərinin istehsalını davam etdirir: “Mazda Sollers” (UAZ sahibi ilə Yaponiyanın “Mazda” şirkəti arasında birgə müəssisə) və “Avtotor” (Koreyanın “Kia” və “Hyundai” avtomobillərini istehsal edir, lakin “BMW”-nin istehsalını dayandırıb).

 

Nəşrin məlumatına görə, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra onlarla şirkət, o cümlədən “Ford”, “General Motors”, “Porsche”, “Suzuki”, “Volkswagen”, “Volvo” avtomobil istehsalçıları fəaliyyətini dayandırıb.

 

“Ferrari” və “Lamborghini”, eləcə də “Jaguar Land Rover”i Rusiyaya ixracı dayandırmaq qərarına gəlib.

 

Bəzi şirkətlər Rusiya ilə əməkdaşlığın dayandırmasını müharibə ilə, bəziləri isə logistika çətinlikləri ilə izah edib. Burada yarımkeçiricilərin, telekommunikasiya avadanlıqlarının, elektron komponentlərin və digər mühüm texnoloji elementlərin tədarükünə texnoloji sanksiyaların tətbiqi də mühüm rol oynayıb.

 

Belə ki, “AvtoVAZ” müharibə başlayandan işləri dayandırıb və işçiləri “tətilə” göndərib. Daha sonra şirkət korperativ məzuniyyətin təxirə salındığını, həmçinin komponentlərin təchizatı ilə bağlı problemlərə görə dördgünlük iş həftəsinə keçdiyini açıqlayıb.

 

Digər rus istehsalçıları da oxşar problemlərlə üzləşiblər. Onların işini davam etdirməsinə şərait yaradılması üçün Rusiya hakimiyyəti “Avro-0” daxil olmaqla bütün ekoloji siniflərə aid avtomobillərin istehsalına icazə verən qətnamə layihəsi hazırlayıb.

 

Konsernlər artıq elektron idarəetmə bloklarının olmaması səbəbindən mövcud “Avro-5” standartına uyğun gəlməyən bir neçə min avtomobil yığıb. Onlar Almaniyanın “Bosch” şirkəti tərəfindən istehsal olunur. Bu bloklar xüsusilə atmosferə atılan zərərli tullantıların miqdarını tənzimləyir.

 

Hökumətin fərmanı layihəsi faktiki olaraq ekoloji və təhlükəsizlik standartları aşağı olan sadələşdirilmiş modellərin istehsalına imkan verəcək. Lakin məhsulların keyfiyyətinin aşağı salınması “imtiyazı” yalnız iri yerli avtokonsernlərə veriləcək (“Autonews”un mənbələrinə görə, söhbət “AvtoVAZ”, “KAMAZ” və “Ural” zavodlarından gedir).

Oxşar xəbərlər