Rusiyada avtomobil istehsalı 30 dəfə azalıb – Zavodlar fasilələrlə işləyir

Rusiya Statistika İdarəsi 2022-ci ilin mayında ölkədə avtomobil istehsalı ilə bağlı vəziyyəti açıqlayıb.

Sfera.az rus mediasına istinadən xəbər verir ki, Rusiyada minik avtomobillərinin istehsalı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 30,3 dəfə azalaraq 3,7 min ədədə geriləyib. Aprel ayı ilə müqayisədə isə azalma 5,3 dəfə olub.

2022-ci ilin yanvar-may ayları ərzində ruslar 268 min minik avtomobili istehsal edə bilib ki, bu da ötən ildən 2 dəfə azdır.

Rus mediası yazır ki, may ayında faktiki olaraq ölkədə minik avtomobillərinin istehsalı dayanıb. Yalnız “Haval” və UAZ avtomobillərinin istehsalı həyata keçirilib. İyundan isə Toliattidə “Lada Granta”nın sadə versiyasının yığılmasına başlanılıb.Digər zavodlar, o cümlədən Kalininqraddakı “Avtotor”, Toliattidəki “AvtoVAZ”, Vladivostokdakı “Mazda-Sollers”, Moskva yaxınlığında “Mercedes-Benz”, Sankt-Peterburqda “Nissan”, “Toyota”, “Hyundai” və “Volkswagen”, eləcə də Kaluqa vilayətindəki montaj zavodları hələ də qeyri-müəyyən fasilələrlə işləyir.

Yük avtomobillərinə gəlincə, 2022-ci ilin may ayında 7,6 min ədəd istehsal edilib. Məlumatlar göstərir ki, istehsal 2021-ci ilin may ayı ilə müqayisədə 39,3 faiz, bu ilin aprel ayı ilə müqayisədə isə 38,2 faiz azalıb.

Oxşar xəbərlər