Ruslan Əlixanov yüksək vəzifəyə təyin olundu

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən SOSİUM.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2020-ci il tarixli fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsinə uyğun olaraq, AİH-in İdarə Heyətinin sədri Mətin Eynullayevin təqdimatına əsasən, Müşahidə Şurası Rövşən Nəcəf, Azər Mursaqulov və Ruslan Əlixanovun İdarə Heyətinin üzvləri təyin edilməsi barədə qərar qəbul edib.

Həmçinin Ruslan Əlixanov AİH-in baş icraçı direktoru vəzifəsinə təyin edilib.

SOSİUM.az xatırladır ki, R.Əlixanov idarəetmə konsaltinq sahəsində ixtisaslaşan Boston Consulting Group (BCG) beynəlxalq şirkətində çalışıb.

2013-cü ildən 2014-cü ilə qədər Mərkəzi və Şərqi Avropada ən iri özəl nəqliyyat şirkətlərindən biri olan FESCO Şirkətinin prezidenti və baş direktoru olub.

FESCO qrupuna gəlməzdən əvvəl-2001-ci ildə Ruslan Əlixanov McKinsey & Co-nun tərəfdaşı olub və strateji və korporativ maliyyə məsələlərinə dair Rusiya təcrübəsinə, eləcə də şirkətlərin idarə olunması üzrə Şərqi Avropa təcrübəsinə rəhbərlik edib.

1996-1998-ci illərdə R.Əlixanov Dünya Bankında layihələr rəhbəri, 2000-2001-ci illərdə isə Dell şirkətində işləyib.

Oxşar xəbərlər