Şəhriyar Məmmədyarov dünya çempionunun vətənindən nə qədər qazanıb?

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun “Çempionlar Turu” yarışından nə qədər pul qazandığı bəlli olub.

22-28 aprel tarixlərində keçirilmiş, turnirin üçüncü – əsas mərhələsi sayılan “Oslo Esports Cup”da Şəhriyar 11 xal toplayaraq səkkiz şahmatçı arasında beşinci olub.

Bəs Məmmədyarov Norveçin paytaxtı Osloda keçirilmiş, ümumi mükafat fondu 210 min dollar olan mərhələ yarışından nə qədər pul qazanıb?

Hər iştirakçı qazandığı hər xala görə 2500 dollar pul əldə edir. Şəhriyarın payına 27 500 dollar pul düşüb.

Mərhələnin çempionu Yan-Kşıştof Duda (Polşa) 14 xal toplayıb və 35 min dollara sahib çıxıb. 13 xal toplanış Le Kuanq Lyem (Vyetnam) 32 500 dollar qazanıb. 12 xal toplamış dünya çempionu Maqnus Karlsen (Norveç) və Rameşbabu Praqanandaa (Hindistan) hərəyə 30 min dollar əldə edib.

10 xal toplayan Yorden fan Foreest (Niderland) və doqquz xalla yarışı başa vurmuş Aniş Qirinin (Niderland) bu mərhələdən qazancı müvafiq olaraq 25 min və 22 500 dollar olub. Cəmi üç xal toplamaqla sonuncu pillədə bitirən Erik Hansen (Kanada) 7500 dollarla yarışdan ayrılıb.

Qeyd edək ki, “Çempionlar Turu”nun növbəti – dördüncü mərhələsi 19-26 may tarixlərində keçiriləcək. Hələ iştirakçıların sayı bilinmir. Birinci və üçüncü mərhələlərdə iştirak etmiş Şəhriyar Məmmədyarov ümumi yarışın turnir cədvəlində 25 şahmatçı arasında altıncı pillədədir.

Oxşar xəbərlər