Sənədsiz evlərlə bağlı YENİ XƏBƏR: hansı evlər sənədləşdirilməyəcək? (VİDEO)

Bakının ayrı-ayrı rayonlarında minlərlə fərdi ev var ki, onların sənədləri yoxdur. Üstəlik, bu evlərin çox hissəsi insan həyatı üçün təhlükə mənbəyidir. Çünki elə yerlərdə inşa olunublar ki, təhlükəni görməmək mümkün deyil. Millət vəkili Vahid Əhmədov bu məsələdən danışıb. Deputat deyib ki, belə evlərin sahiblərinə ya kompensasiya ödənilməlidir, ya da ayrıca mənzil verilməlidir.

Qaz xətlərinin üstündə, elektrik xətlərinin altında, dəmir yollarının bir addımlığında. Hətta bəzilərinin həyətində neft quyusu da var.

Bakıətrafı kənd və qəsəbələrdə belə evlərin sayı minlərlədir. Bu tikililər yalnız içində yaşayan sakinlər üçün deyil, digər vətəndaşlar üçün də təhlükə mənbəyi sayılır.

Millət vəkili Vahid Əhmədov on minlərlə vətəndaşı əhatə edən bu problemlə əlaqədar Milli Məclisdə dəfələrlə məsələ qaldırıldığını deyir.

Millət vəkilinin fikrincə, tikildikləri ərazilərdən asılı olmayaraq, belə evlərin aqibətinə aydınlıq gətirilməlidir. Yəni sökülməli olanlar sökülməli, sənədləşdirilməli olanlar isə müvafiq sənədlə təmin edilməlidir.. Vahid Əhmədov deyir ki, bu məsələyə məsul olan dövlət orqanları bu iş üzərində dövlət başçısının göstərişinə uyğun olaraq işləyirlər. Hazırda qarşıda duran əsas məsələ sənədsiz evlərin hansılarının sökülməsi və hansılarınsa sənədlə təmin edilməsi ilə bağlıdır. Söküləcək evlərin sahiblərinə gəlincə isə, millət vəkili deyir ki, onlara veriləcək kompensasiyanın növü də müəyyənləşdirilməlidir.

Millət vəkili son vaxtlar Bakıda qanunsuz ev tikilməsi hallarına rast gəlinmədiyini də deyib.

Oxşar xəbərlər