Ərzaq ehtiyatı toplayaqmı… – EKSPERT

Vətəndaşlar indidən gələcək üçün zəruri qida məhsullarının tədarükünə başlayıblar, mütəxəssislər isə birmənalı şəkildə əmin edirlər ki…

Çoxları Sovet İttifaqının son dövrlərində yaşanılan defisiti və əhalinin böyük bir hissəsi üçün ən zəruri ərzaq məhsullarının qiymətinə görə əlçatmaz olduğu keçən əsrin 90-cı illərini xatırlayır. Buna görə də hər anlaşılmaz vəziyyətdə özlərini sığortalamağa və evdə ən azı kiçik bir qida ehtiyatı formalaşdırmağa çalışırlar.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, mart ayında dünya ərzaq qiymətləri 12,6% artaraq, 1990-cı ildən bəri tarixi maksimuma çatıb. FAO-nun Ərzaq Qiymətləri İndeksi martda orta hesabla 159,3 bənd təşkil edib ki, bu da indeksin yaradılmasından, 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatdığı fevraldan 12,6% çoxdur. FAO nümayəndələri dünya qiymətlərinin əhəmiyyətli dərəcədə artmasını Ukraynada davam edən müharibə ilə əlaqələndirirlər.

Rusiyada məlum hadisələr başlayandan sonra şəkər və digər uzunmüddətli ərzaq məhsulları piştaxtalardan süpürüldü. Azərbaycan daha çox bitki yağı istehsalı üçün xammal və Rusiyadan bitki yağı idxalından asılıdır. Amma 2022-ci il aprelin 1-dən avqustun 31-dək Rusiyadan günəbaxan yağının ixracına qadağa qoyulması barədə qərar qəbul edilib.

Bu baxımdan bir çox vətəndaşlarımız bu məhsulun qıtlığından və qiymətinin xeyli qalxmasından narahatdırlar. Şəkər tozu və un kimi qida məhsulları ilə bağlı da narahatlıq var, çünki burada da Rusiya və Ukraynadan böyük alışlar etmişik. Bütün bu məhsulları mağazalarımızda əldə etmək olar, lakin bəzilərinin qiymətləri artıq artıb.

Düzdür, bir sıra satış məntəqələrində bitki yağlarına vaxtaşırı endirim edilir. Buna baxmayaraq, bəzi vətəndaşlar özləri üçün qida təhlükəsizliyi yastığı yaratmağa qərar veriblər və bununla daha rahat olacaqlarını düşünürlər. Elə AYNA-nın həmsöhbətləri kimi.Mümkün qıtlıq və bahalaşma xəbərindən qorxan paytaxt sakini Zarina Həsənova bir-iki həftə əvvəldən, təcili olaraq 50 kiloqram un və eyni miqdarda şəkər tozu, həmçinin 15 litr bitki yağı alıb. Dediyinə görə, ailə kiçikdir – üç nəfər, amma qadın daha 50 kilo un alıb-almayacağını fikirləşir.

“Yoldaşımı un və qənd üçün göndərdim, hər ikisindən də 20 kilo aldıq. Əvvəllcədən 10 litr bitki yağı da almışam. Əgər bu məhsullar birdən-birə bir müddət yoxa çıxsa, aldıqlarım müəyyən müddətə kifayət edəcək”, – deyə başqa bir paytaxt sakini Aytən Nuriyeva bildirib.

Vəfa Quliyeva da etiraf edib ki, o, hər ehtimala qarşı yalnız bitki yağı – günəbaxan və qarğıdalı yağları ehtiyatı toplayıb: “Yağların orta saxlama müddəti bir ildir, daha ucuz olmayacaq, amma bahalaşa bilər. Ömrünüzün qalan hissəsi üçün, əlbəttə ki, hər şeyi yığa bilməzsiniz, amma heç olmasa kiçik bir ehtiyat ola bilər. Biz gələcək üçün şəkər və un almamışıq. Şəkərdən az istifadə edirik. Unun isə içinə həşəratlar düşə bilər”.

Bir çox insanlar çatışmazlıqlar və ya mümkün qiymət artımları ilə bağlı narahatlıq dalğasında, bir anda bir neçə ay üçün ehtiyat yığmağa başlasa, bu, ajitoaj tələbə səbəb olacaq. Amma hər qəpiyi hesabda olan istehlakçıları başa düşmək olar.

Narahat olmaq üçün əsl səbəb varmı və gələcək üçün ehtiyat yığmağa dəyərmi? AYNA-nın sualını cavablandıran Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyub Hüseynov deyib ki, rəhbərlik etdiyi quruma hər gün ölkənin hər yerindən istehlakçılardan beş-altı telefon zəngi gəlir: “Onlar mağaza rəflərindən yoxa çıxa biləcəyindən qorxduqları üçün müəyyən ərzaq məhsullarını almağa dəyərmi deyə düşünürlər. Onlar da bahalaşmadan qorxurlar”.

“İstehlakçıların narahatlığını nəzərə alaraq, istehsalçılarla və bu məsələyə nəzarət edən dövlət qurumları ilə əlaqə saxladım. Həm birincilər, həm də ikincilər əmin edirlər ki, narahatlığa əsas yoxdur, çünki Azərbaycanda kifayət qədər zəruri ərzaq ehtiyatı var”, – deyə mütəxəssis bildirib.

Hüseynovun sözlərinə görə, ajiotaj başlayanda bu, müəyyən mallarda süni qıtlığın yaranmasına gətirib çıxarır: “Məhsulun rəflərdən yoxa çıxacağından narahat olmaq üçün heç bir səbəb yoxdur. Amma qiymət artımı olacaq, baxmayaraq ki, dövlət qurumları burada da narahatlığa əsas olmadığını bildirir”.

İqtisadçı ekspert Asiman Quliyev də bizimlə söhbətində söyləyib ki, böyük miqdarda ərzaq almaq məntiqli deyil: “Həyəcan çaxnaşmadır və bunun heç bir məntiqi və iqtisadi səbəbi yoxdur. Azərbaycan iqtisadiyyatı elə qurulub ki, ölkəmiz özünü təmin edir və hələlik dünyada ərzaq qıtlığı problemi yoxdur”.

“Zəruri məhsulların tədarükü dayanmayacaq. Bundan əlavə, hazırda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı baş verənlər uzunmüddətli xarakter daşımayacaq. Biz Rusiyadan çox şey alırıq və indi bir çox ölkələrin bazarlarının ona bağlı olduğunu nəzərə alsaq, Rusiya öz məhsulunu ölkəmizdə satmaqda daha da maraqlı olacaq”, – deyə həmsöhbətimiz vurğulayıb.

Müəllif: Elya Belskaya

Oxşar xəbərlər