Sahibkar: “Vilyam Hacıyev göstəriş verib ki, 1000 manat verməlisən”

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

SOSİUM.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Arif Ələkbərov bildirib ki, birinci Qarabağ müharibəsi veteranıdır.

“Sahibkarlıqla məşğul olmaq üçün icra hakimiyyətinə müraciət etdim. 2001-ci ildə torpaq ayırdılar. 2017-ci ildə torpağın müqaviləsi bitdi. Müqavilənin müddətini artırmaq üçün 1000 manat istədilər. İcra hakimiyyətində Hüseyn adlı şəxsə pulu verdim. Pulu verəndən sonra müqavilənin müddətini artırdılar və torpaq yenidən istifadəmə verildi. Hüseyn dedi ki, Vilyam Hacıyevin göstərişdir ki, 1000 manat verməlisən” – deyə şahid bildirib.

Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin müdiri İntiqam Əliyev isə deyib ki, Vilyam Hacıyevlə şəxsən tanış olub: “Vilyam müəllimin icra başçısı olduğu dövrdə abadlıq işlərinə 2-3 min manat vermişəm. Hər dəfə 1000 manat verirdim Cəmilə. Cəmil deyirdi ki, abadlıq işlərinə kömək lazımdır. Mən də hər dəfə 1000 manat verirdim. İclaslarda Vilyam müəllim deyirdi ki, abadlıq işlərinə ayrılan vəsait çağışmadığından yardım etmək lazımdı. 7-8 il ərzində hardasa 3000 manat vermişəm”.

Digər zərərçəkmiş, idman istası Elnur Şıxəliyev bildirib ki, Bakı şəhərində yaşasa da, əslən İmişli rayonundandır.

“İmişli rayonunda heyvandarlığı inkişaf etdirmək üçün torpaq almağa görə 2019-cu ildə icra hakimiyyətinə müraciət etdim. Məndən sənədləri almaq üçün mühasibatlığa 20 min manat ödədim. İcra hakimiyyətinin hüquqşünası bildirdi ki, sənədlərə görə bu qədər ödəməlisən. Mən ödənişi edəndən sonra torpaq sahəsinin sərəncamını aldım. Pulu ödəyəndə də mənə heç bir qəbz vermədilər”, – deyə zərərçəkmiş deyib.

Vilyam Hacıyev bildirib ki, qanunvericiliyə görə, torpaq ayrılması səlahiyyəti Dövlət Əmlak Komitəsində aparılır. Belə olan halda vətəndaşın icra hakimiyyətinə pul ödəməsi qanunsuzdur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Oxşar xəbərlər