“Süni qiymət artımları anlayışı sovetlərdən qalıb”

“Xaricdə baş verən qiymət artımı idxaldan əsaslı dərəcədə asılı olan Azərbaycanda inflyasiyanı yüksəldir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Prezidenti İlham Əliyevin ilin birinci rübünün yekunlarına həsr edilən müşavirədə ölkə iqtisadiyyatı ilə bağlı verdiyi mesajları şərh edərkən deyib: “Dünyada qiymətlər kifayət qədər sürətlə artır. Hətta Rusiyanın Ukraynaya hücumundan sonra dünyada ərzaq inflyasiyası 18-19 faizə yaxın yüksəlib. Ümumilikdə götürdükdə isə 2020-ci ildən bəri ərzaq indeksi 50 faizə yaxın artıb. Bu fonda xaricdə baş verən qiymət artımları Azərbaycan kimi idxaldan asılı olan ölkələrə də istər-istəməz öz təsirini göstərir. Azərbaycanda inflyasiya yüksəlir”.

 

Ekspertin fikrincə, süni qiymət artımı anlayışı isə sovetlərdən qalma yanaşmadır: “Süni qiymət anlayışı pərakəndə satışa aid deyil. Onların üzərinə gedilməməlidir. Bazar iqtisadiyyatı, rəqabətli mühitin olduğu ölkədə süni qiymət artımı da mümkün deyil. Süni qiymət anlayışı ancaq dövlət tərəfindən tənzimlənən qiymətlərə aiddir. Bu mənada süni qiymət artımı varsa, deməli rəqabətli mühit yoxdur. Güclü rəqabət mühiti yaransaydı süni qiymət artımı da mümkünsüz olardı. Bazarın böyük hissəsinə nəzarət edən və qiyməti diktə edən şirkətlər varsa, onlarla mübarizə Antiinhisar Komitəsinin işidir. Qurum onlarla mübarizə fonunda qiymətlərin tənzimlənməsini qanunvericilikdə nəzərdə tutulan üsullarla həll etməlidir”.

 

N.Cəfərli qeyd edir ki, ümumilikdə ölkənin makroiqtisadi göstəricilərində pozitiv dinamika müşahidə edilir: “Xarici ticarətin müsbət saldosu xeyli artaraq, 5 milyard dolları keçib. Bu da kifayət qədər ciddi rəqəmdir. Valyuta daxilolmaları artıb. Ümumdaxili məhsulda artım var. Amma bunlar əsasən neftin qiymətinin kəskin artmasının nəticəsidir”.

Oxşar xəbərlər