Təhsilsiz elm, elmsiz təhsil ola bilməz” deyirik, ancaq…

Bu gün dünya iqtisadiyyatı elmi biliklərə söykənən inkişaf xətti götürdüyündən ölkələrin təhsil sistemlərindən də məhz bu tələblərə cavab verən sistemin qurulmasını tələb edir. Odur ki, yalnız ölkədaxili sosial-iqtisadi tələblərə cavab verən mexanizmlərin deyil, bütövlükdə, qlobal dünyanın rəqabətinə cavab verən mexanizmlərin hazırlanması tələb olunur. Bütün inkişaf etmiş ölkələrdə təhsilin informasiyalaşdırılması elmlə təhsilin sintezi istiqamətində sistemli şəkildə bir neçə mərhələdə islahatlar aparılır. İnkişaf etməkdə olan ölkələrdə bu cür islahatlar davam etdirilir.

“Təhsilsiz elm, elmsiz təhsil ola bilməz” müddəası çoxları tərəfindən birmənalı şəkildə qəbul edilsə də, bir çoxları bu müddəanın reallaşmaması, inkişafın kompleks aparılmaması, elmin təhsilə verdiyi töhfənin hələ ki, lazımi nəticə verməməsi, bu məqsədlərə ayrılan vəsaitin kifayət etməməsi və yaxud əksinə, elmə ayrılan vəsaitlərin səmərəli istifadə olunmamasından hər hansı bir nəticənin əldə edilməməsi qənaətindədirlər. Elmin inkişafına ayrılan vəsaitin xərclənməsi üçün konsepsiyanın olmadığını da vurğulayanlar var.

Digər tərəfdən hər il dövlət büdcəsindən elmə ayrılan müəyyən vəsaitlər müqabilində Azərbaycan alimlərinin son 20 ildə çoxlarının yadında qala biləcək bir elmi tapıntısı, kəşfi, iqtisadiyyata bəhrə verəcək bir yeniliyi olubmu sualını qoyanlar da olub. Hətta alimlərin böyük əksəriyyətinin Universitetlərdə cəmləşdiyini əsas gətirərək AMEA-nın ləğv edilməsi əvəzində Təhsil nazırliyi yenidən formalaşdırılaraq, bir çox ölkələrdə olduğu kimi Elm və Təhsil Nazirliyinə çevrilməsi təklifi ilə çıxış edənlər də az olmayıb. Bu gün qarşıda duran əsas məqsəd doğma Qarabağda aktiv həyatı yenidən bərpa etmək, bir çox sahələrdə quruculuq işlərini həyata keçirməkdir. Azad olunan torpaqlarımızda ilkin olaraq həyata keçiriləcək işlərdən biri də təhsilyönümlü layihələrdir ki, bununla bağlı da müvafiq fəaliyyət planı hazırlanıb və işlər davam etdirilir. “AMEA-nın Qarabağ Bölməsi yaradılmalıdır” təklifi də yeni yanaşmalarda özünə geniş yer alıb. Bir çox hallarda isə dərsliklərin keyfiyyəti barədə irəli sürülən fikirlər haqlı olaraq işıqlandırılır və ictimai müzakirələrə səbəb olur. “Nazirliyin müraciəti əsasında AMEA-nın alim-ləri də dərsliklərin müzakirələrində iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək”- kimi təklifin də şahidi olmuşuq.

İdarəetmənin daha effektiv işləməsi üçün Təhsil Nazirliyində struktur dəyişikliyinin zəruriliyi də, yəni Elm və Təhsil Nazirliyinin yaradılması, o cümlədən AMEA, təhsil sferasında olan bütün müəssisələrin, elmi təşkilatların və məktəbəqədər təhsil müəssisələrinin bu quruma həvalə edilməsi çağırışları da zaman-zaman gündəmə gəlir. Sistemdə dəyişikliklərin olmaması və yaxud vəzifəli şəxslərin uzun müddət qalmasının o qədər də yaxşı nəticə verməməsi, yeni kadrların isə yeni layihələrlə işləməyə, etimadı doğrultmağa çalışacaqları barədə mülahizələrdə də müəyyən həqiqət var. Problemin birdəfəlik həlli geniş müzakirələr tələb edir və gedişat zamana bağlı məsələdir. Ancaq, AMEA-da bir çox institutlara daxil olan şöbələrin və qurumların birləşdirilməsi, müəyyən ixtisarlar, rasionallaşdırma və optimallaşdırma baxımından nəinki lazımdır, hətta zəruridir. “Təhsilsiz elm, elmsiz təhsil ola bilməz” deyirik, ancaq bu istiqamətdə konkret addımlar atmağa tələsmirik. Məsələnin necə tənzimlənəcəyi barədə düşünməyin vaxtıdır.

Nadir İsrafilov,təhsil eksperti

Oxşar xəbərlər