Təsadüfi şəxslər elmi adlar alır, əziyyət çəkənlər kənarda qalır-İRAD

“Elmlə əlaqəsi olmayan şəxslər dissertasiya işlərini fərqli yollarla müdafiə edir”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov deyib.

 

 

O, son zamanlar dissertasiya prosesinin çətinləşməsi və buna görə bir çox şəxslərin elmdən üz döndərməsinə münasibət bildirib:

 

 

“İnsanlar dissertasiya prosesinin çətinliyi və burada olan bürokratik əngəllərdən narazılıq edirlər. Uzun illərdir ki, bu işin içində olan və Azərbaycan elmi  gəncliyini özündə birləşdirən təşkilata rəhbərlik edən şəxs kimi narazılıqlardan xəbərdaram.

 

 

Dissertasiya tədqiqat işi olduğu üçün  onun özünəməxsus çətinlik və incəlikləri var. Bir çox şəxslər alim adı almağa görə bu işlərə ciddi yanaşmırlar. Həmin məqam  təəssüf doğuran hadisələrdən biridir. Əksər hallarda elmdən kənar insanlar  asanlıqla bu istəklərinə nail olurlar. Bəzən görürük ki, təsadüfi şəxslər elmi adlar alırlar, lakin bir çox hallarda həqqətən, əziyyət çəkən şəxslər bunu  əldə edə bilmirlər. Prosesdə bürokratik və süründürməçi kimi vəziyyətlər müşahidə edilir. Bu, da öz növbəsində elmə gələn insanların qarşısını alır.

 

 

Bəzən dissertasiya işinə hansısa məmurlaşmış şəxs baxır və o, da  insanlara aşağıdan-yuxarı yanaşma göstərir. Elm belə şeyləri sevmir. Dissertasiya şuraları ilə problemlərimiz var, bu acınacaqlı vəziyyətlərdən biridir. Lakin bizim çox yaxşı  elm adamlarımız var, onların əli ilə yaxşı elmi nəaliyyətlər əldə etmək mümkündür”.

Oxşar xəbərlər