Tender elanı ilə eyni gündə yaranan şirkət 26 min manat uddu – FOTOFAKT

Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçirilən tender müsabiqələrinin (kotirovka sorğuları) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderlərin qalibi “Palma-Z” MMC (VÖEN – 3601462631) olub.
Tender müsabiqəsinin şərtlərinə görə “Palma-Z” MMC Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə 13 min 190 manat dəyərində elektrik mal-materialı, 12 min 958 manat 50 qəpik dəyərində işçi ləvazimatları və mal-materialı satacaq.
Tender müsabiqəsinin qalibi olan “Palma-Z” MMC 05.04.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Ağstafa rayonu, Qıraq Kəsəmən kəndində yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədova İradə Bayram qızıdır.
Qeyd edək ki, Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə kotirovka sorğusunu da MMC-nin dövlət qeydiyyatına alındığı gün – 05.04.2022-ci il tarixində elan edib.
Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender elan olunduğu gün yaranan şirkətin bir gün də olsun təcrübəsi olmadığı halda müsababiqədə necə qalib olduğu aydın deyil.

Oxşar xəbərlər