Ucuz kirayə mənzillər bu ərazilərdə yerləşir – Ekspertdən AÇIQLAMA

Yay ayları gəldikcə kirayə mənzil bazarında qiymətlərin enməsi ilə bağlı gözləntilər çoxalır. Belə ki, insanlar tələbələrin bölgələrə axın etməsi ilə seçim şansının çoxalacağını düşünürlər.Məsələ ilə bağlı Gundem.az-a danışan tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyev kirayə mənzillərin qiymətinin köhnə tikililərin söküldüyü üçün artdığını bildirib. O, ucuz mənzillərin yerləşdiyi ərazilərin də adını çəkib:”Kirayə mənzil bazarına tələbat daha çox Bakıdadır. Tələbat köhnə çoxmənzilli binalardansa, 300-500 manatlıq mənzillərə daha çoxdur. Bu mənzillərə isə əksər vaxtlarda tələbələr üstünlük verir. Məlum olduğu kimi 2016-cı ildən etibarən Bakı şəhərində söküntülər başladı, pilot layihələrlə yeni hündürmərtəbəli binalar tikildi. Köhnə binalar sökülən zaman həmin binalardakı kirayəlik mənzillər də bazardan çıxmış oldu. Beləliklə təzə tikililərdə qiymətlər daha da yüksəldi. Bu tikililərdə artıq bir otaqlı mənzillər 500 manat, iki otaqlı mənzillər 600-650 manat, üç otaqlı mənzil isə 600 manatdan 1000 manatadək dəyişə bilir. Zamanla köhnə binalar sökülür və bu o deməkdir ki, yaxın illərdə Bakıda ucuz kirayə mənzil tapılmayacaq, qiymətlər artmaqda davam edəcək. Əvvəllər şəhərin mərkəz hissələrində fərdi həyət evləri var idi ki, onların da bir hissəsi artıq sökülüb. Həmin evlərdə isə qiymətlər daha ucuz idi. O vaxtlar 100-150 manata bir otaqlı kirayə mənzil tapmaq olurdu. Hazırda ucuz həyət evlərini Yasamal, Alatava, Papanin adlanan ərazilərdə 150-250 manata tapmaq olur. Bahalı mənzillərə pandemiyadan əvvəl tələbat çox idi. Hətta bir otaqlı mənzillərə 500-1500 manat arası aylıq ödənişlər edirdilər. Lakin pandemiyadan sonra xarici tələbələr, iş adamları öz ölkələrinə dönüş etdiyi üçün belə evlərə tələbat azaldı”.

E.Fərzəliyev iyul-avqust aylarında kirayə mənzil bazarında qiymətlərin dəyişəcəyini, sentyabrdan isə yenidən eyni mənzərənin yaranacağını deyib:

“Şəhərin müəyyən ərazilərində söküntülər ardıcıl aparıldığı üçün köhnə tikili binada ev tapmaq çox qəlizləşib. İyul-avqust aylarında bölgələrdən olan tələbələrin rayonlara geri qayıtması ilə bazara nisbətən yeni mənzillər çıxır və ucuzlaşma ola bilər. Bu hal da sentyabr ayınadək davam edəcək. Tələbələr gəldikdən sonra isə tələbat artacaq. Bu problemin həlli üçün tələbə yataqxanaları tikilməlidir. Belə yataqxanalar tikilərsə, kirayə bazarlarının bir hissəsində boşluq əmələ gələr və bu da qiymətlərin enməsinə gətirib çıxarar”.

Ekspert bağ evlərinin qiymətinin aşağı düşəcəyi ilə bağlı proqnoz verib:

“Bağ evlərinə gəldikdə isə əvvəllər bu evlərə tələbat daha çox idi. Bundan öncə bağ evinin minimum qiyməti 500 manatdan başlayırdı və 10000 manatadək dəyişirdi. Bu evləri kirayə götürən şəxslər isə Rusiyada yaşayan azərbaycanlı ailələr idi. İndi isə quru sərhədlər bağlı olduğu üçün onlar da daxil olmaqla, turist axını elə də qeydə alınmır. Bağ evlərini kirayələmək üçün Bakı sakinləri indi daha çox rayonlara üz tuturlar. Bakıdakı bağ evlərinin qiymətinə Azərbaycanın səfalı bölgələrindən birində daha yaxşı mənzil kirayə götürmək olar. Bu, daxili turizmin inkişafı üçün də yaxşıdır. Beləliklə, yaxın zamanlarda Bakıdakı bağ evlərinin qiymətlərində enmə müşahidə edə bilərik”.

Oxşar xəbərlər