VÖEN vasitəsilə dələduzluq halları artıb

Son zamanlar qəribə bir dələduzluq növü yaranıb. Vergilər və VÖEN barəsində məlumatı olmayan şəxslərin etibarından sui istifadə edib, adına VÖEN açılır, işə görülür və vergi borcu həmin şəxslərə yazılır. Hətta bir neçə ay bundan əvvəl Astara rayonu Toradı kənd sakini Zaur Sovqatov KİV-ə müraciət edərək, dostunun onu aldaadarq adına VÖEN-lə 5 şirkət açdığını və 30 min manata yaxın borcu olduğunu dilə gətirmiş, hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirmişdi. Ancaq bu hadisənin üzərindən bir müddət keçəndən sonra Zaur Sovqatovun intihar etməsi barədə məlumatlar yayıldı. Bu günlərdə isə, Saatlı rayon sakini Yahya Caxalov KİV-ə müraciət edərək, adına VÖEN açıldığını və 58 min manata yaxın borcu olduğunu və bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirdi.

İnsanların etibarından sui-istifadə etmək… Analoji hallar müxtəlif şəxslərin başına gəlir və vətəndaşlar bəzən bu halla qarşılaşdıqları zaman problemlərini dilə gətirməyə də çəkinirlər.

Mütəxəssislərin fikrincə, şəxsin adına VÖEN açılması öz iştirakı olmadan və ya imzası, verdiyi etibarnamə olmadan mümkün deyil. Yəni şəxsiyyət vəsiqəsinin kiminsə əlinə düşməsi şəxsin adına VÖEN açmağa imkan yaratmır.

Hüquqşünas Məmməd Səlimov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, bu kimi problemlərlə çox zaman yaxın dostuna və ya qohumuna etibar edən şəxslər və yaxud şirnikləşdirici təkliflərlə qarşı-qarşıya qalan, öz istəyi ilə VÖEN-nin üzərindən işlər görülməsinə razı olan şəxslər qarşılaşır.

“Yəni sizin şəxsiyyət vəsiqəniz itsə, oğurlansa belə, kimsə sizin adınıza öz razılığınız olmadan VÖEN aça və yaxud hansısa hüquqi proseduru həyata keçirə bilməz. Kiminsə şəxsiyyət vəsiqəsinin bir başqasının əlində olması ondan hüquqi sənəd kimi istifadə etməsinə zəmin yaratmır. VÖEN və yaxud hər hansısa hüquqi-rəsmi bir prosedur şəxsin verdiyi etibarnamə və ya öz iştirakı ilə reallaşa bilər. Əgər hər hansısa vətəndaş onun adına VÖEN açıldığını iddia edirsə, bu zaman o düşünməlidir ki, harda – hansı sənədə qol çəkərək imzalayıb? Və yaxud dosta-tanışa notariusda etibarnamə veribmi? Və yaxud hansısa dövlət qurumunda hansısa sənədə qol çəkibmi? Və yaxud özü öz razılığı ilə vergilər departamentində olan kod və ya şifrəsini və yaxud VÖEN məlumatlarını kiməsə etibar edibmi?”…

Mütəxəssis bildirir ki, VÖEN üzrə gələn borc şəxsin öz borcu hesab edilir. Yəni bu prosedur zamanı borcun ödənilməsi zamanı “aldadılmışam”, “etibarımdan sui istifadə edilib” və s. bu kimi fikirlər qəbul edilmir. VÖEN-lə qeyd edilmiş borc, vətəndaşın borcu hesab edilir. Əgər vətəndaş VÖEN açdırılması zamanı aldadıldığını, etibarından sui-istifadə edildiyini iddia edirsə, bununla bağlı hüquq mühafizə orqanlarına onu aldadan və ya etibarından sui istifadə edən şəxslə bağlı müraciət edə bilər. Bu proses zamanı şəxsin aldadılması sübut edilərsə, aldadan şəxs cinayət məsuliyyətinə cəlb edilə bilər:

“Və yaxud aldadan şəxslə borclu olan şəxs razılığa gələrək, borc aldadan şəxs tərəfindən ödənilər. Əks halda, aldadan şəxs həbs edilsə də, borc silinmir. Vətəndaş borcu ödəməlidir”.

Qeyd edək ki, məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinə sorğu ünvanlamışıq.

Oxşar xəbərlər