Zaur Mirzəzadənin vəkili: “Ali Məhkəmədən ədalətli qərar gözləyirik”

“Jurnalist Zaur Mirzəzadənin həbsi əsassızdır və ümid edirik ki, Ali Məhkəmə bu işlə bağlı ədalətli qərar verəcək”.

Bu barədə Qaynarinfo-ya Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun 17 may 2022-ci il tarixli hökmü ilə 5 il azadlıqdan məhrum edilən “Xalq.Az” və “Bakutimes.az” saytının baş redkatoru və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadənin vəkili Kamran Musayev bildirib.

Məlumat üçün deyək ki, Sultanəli Qurbanov adlı şəxsin şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanıb. Məhkəmə istintaqı zamanı Zaur Mirzəzadənin təqsiri sübuta yetirilməyib və o, bəraət alıb. Bundan sonra ittiham tərəfi Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmündən Bakı Apellyasiya Məhkəməsinə protest verib. Məhkəmə protesti təmin edərək Zaur Mirzəzadəni 5 il azadlıqdan məhrum edib. Hazırda iş Ali Məhkəmədədir.

Jurnalistin vəkili hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hökmü ədalətsizdir: “Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Mirzəzadənin təqsirsiz olduğu aydın olmuşdu. Onun bu işdə təqsiri olduğuna dair heç bir sübut yoxdur. Bu baxımdan, məhkəmə bəraət hökmü çıxarmışdı. Bəzən yazırlar ki, Zaur Mirzəzadə şərti cəza alıb. Xeyr. Ona şərti cəza verilməyib. O, bəraət aldığına görə azadlıqda idi. Hesab edirik ki, Bakı Apellayasiya Məhkəməsinin hökmü ədalətsizdir. Ona görə də Ali Məhkəməyə müraciət etmişik. Görək nə olur”.

Vəkil qeyd edib ki, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayacağı təqdirdə Avropa Məhkəməsinə müraciət olunacaq.

Oxşar xəbərlər